Türkiyədə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident Kompleksində görüşməsi ölkə siyasətində ciddi müzakirələrə səbəb olub.
Sherg.az xəbər verir ki, Türkiyənin “Milliyet” qəzetində jurnalist Zafer Şahinin qələmə aldığı yazıda Yavaşın Ərdoğanla görüşünün siyasi nəticələri təhlil olunub. Şahin “Saraya gedən CHP-linin təhdidi” sərlövhəli yazısında Yavaşın CHP-nin quruluş ildönümündə partiyanın tədbirində görünməməsini, əvəzində Prezident Kompleksində Ərdoğanla görüşməsini Türkiyə siyasəti baxımından diqqətçəkən hadisə kimi qiymətləndirib.
Müəllifin fikrincə, siyasətdə bəzən görüşün məzmunundan daha çox onun vaxtı və ortaya çıxan görüntü ön plana keçir. Şahin hesab edir ki, Yavaşın CHP-nin quruluş ildönümündə Prezident Kompleksində Ərdoğanla eyni kadra düşməsi Türkiyə müxalifətində yeni siyasi müzakirələrə yol açıb.
Zafer Şahin yazır ki, bu görüşdən sonra Yavaşın CHP, Yeni Partiya, İYİ Partiya, Zafer Partiyası, Anahtar Partiyası və Demokrat Partiyası ilə əlaqəli prezidentliyə namizədlik formulaları ətrafında formalaşan siyasi hesablamalar da dəyişə bilər.
Müəllif xüsusilə Yavaşın görüşdən sonra verdiyi mesajlara diqqət çəkir. Onun sözlərinə görə, Yavaş CHP və Yeni Partiyaya “mövcud mövqeyimi qoruyuram” mesajı verib və bu mövqeyin partiya rəhbərliklərini narahat etməsi halında “gərəksə, addım atmaqdan çəkinməyəcəyini” bildirib.
Şahin bu ifadəni adi narazılıq deyil, CHP və Yeni Partiyaya yönəlmiş örtülü siyasi xəbərdarlıq kimi qiymətləndirir.
Müəllif hesab edir ki, Yavaş bununla həm iki siyasi qüvvə arasındakı qarşıdurmada tərəf olmaq istəmədiyini, həm də özünün müstəqil siyasi hərəkət imkanlarını qoruduğunu nümayiş etdirib.
Zafer Şahinin fikrincə, Ərdoğanla Yavaşın görüşü və daha sonra səslənən bu mesajlar birlikdə qiymətləndirildikdə, hadisəni yalnız Ankara ilə bağlı layihələrin müzakirəsi kimi təqdim etmək kifayət deyil.
“Saraya gedən CHP-li, dönüşdə həm CHP-yə, həm də Yeni Partiyaya ‘məni sıxışdırmayın’ mesajı verdi”, - deyə müəllif yazır.
Şahin bundan sonrakı mərhələdə əsas diqqətin Mansur Yavaşın müxalifət daxilində mövcud balansı qoruyub-qorumayacağına və ya şərtlər dəyişdiyi halda öz siyasi yolunu açıb-açmayacağına yönələcəyini bildirir.
Beləliklə, müəllifin qənaətinə görə, Ərdoğan-Yavaş görüşü Türkiyə siyasətində yalnız bir bələdiyyə rəhbərinin Prezidentlə görüşü deyil, müxalifətin gələcək siyasi konfiqurasiyasına təsir edə biləcək hadisə kimi qiymətləndirilməlidir.