Tramp erası geri döndü: ABŞ-nin Azərbaycana qarşı təzyiq kampaniyası zəifləyəcək?

Bakıya qarşı informasiya təbliğatları üçün əlavə xərclər çəkilməyəcəyini proqnozlaşdırmaq mümkündür
“Senatda və Nümayəndələr Palatasında Respublikaçıların qələbəsi ABŞ-nin xarici siyasət doktrinasında “Azərbaycan epizodunu” gücləndirmək potensialına malikdir”
  Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampı təbrik edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hər zaman ABŞ-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan ABŞ ilə ikitərəfli tərəfdaşlığı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindədir: "Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır". Ölkə rəhbəri bəyan edib ki, Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək: "Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
 Siyasi icmalçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Donald Trampın Ağ Evə rəhbərliyi ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın əlini bərkidəcək məqamlar barədə təəssüratları qüvvətləndirir. Ekspertin proqnozlarına görə, ABŞ-nin Azərbaycana qarşı xarici siyasətdə təzyiq kampaniyasının zəifləyəcəyi, Bakıya qarşı informasiya təbliğatları üçün əlavə xərclər çəkilməyəcəyini proqnozlaşdırmaq mümkündür: 
"Senatda və Nümayəndələr Palatasında Respublikaçıların qələbəsi ABŞ-nin xarici siyasət doktrinasında “Azərbaycan epizodunu” gücləndirmək potensialına malikdir. Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmanı Trampın “müharibələri bitirmək” arzusunu ifadə etməsində tapmaq olar. Yəni Azərbaycan üçün Ermənistanı sülhə gətirmək üçün “Vaşinqton ideyalı” şans da yaranır. Trampın beynəlxalq və regional siyasət üzrə ştrixlərinin Azərbaycan üçün risk yardacaq məqamları da diqqətə alınmalıdır. Bu mənada ki, əgər Tramp İrana qarşı dalğaları yuxarı səviyyəyə qaldırsa, bu, regionda Bakı-Tehran gərginliyinə rəvac verə bilər. Həmçinin Tramp Çini hədəf seçsə, Pekinin tərəfdaşlarına da təsirlər göstərməyə çalışacaq və bu, Çinlə Azərbaycanın münasibətlərində ABŞ-dən qaynaqlanan çətinlikləri üzə çıxara bilər. Bununla belə, Azərbaycan Çinlə əməkdaşlığın ABŞ-yə qarşı ayırıcı xətt kimi olduğunu göstərən geosiyasi məramı sətiraltı göstərə bilər. Regionda İranın zəif bənd olma ehtimalları, Vaşinqtonla danışıqlarda maraqlı olması Azərbaycan qarşısında Tehranın geosiyasi mövqelərini zəiflədir".