Qazaxıstan və Özbəkistan ABŞ ilə milyardlıq müqavilələr bağlayır
ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağı azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Trampın bu yanaşmasının səbəbi Avropa İttifaqının müxtəlif məsələlərin həllində qəti addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə diqqət yetirməməsiylə bağlıdır. Avropa ölkələri uzun illər təhlükəsizliklərini ABŞ-yə həvalə ediblər.
Bu dövlətlər büdcələrini ordularının saxlanılmasına deyil, insanlarının rifah hallarının yüksəlməsinə yönəldiblər. Bu, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə balşamasına və Tramp Prezident seçilənə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir.
Politoloq Elxan Şahinoğlu "Şərq"ə deyib ki, D.Tramp Avropa əvəzinə diqqətini Avrasiya qitəsinə, o cümlədən Mərkəzi Asiyaya yönəldib. Onun sözlərinə görə, Ağ Ev sahibinin Azərbaycanla Ermənistanı barışdırmaq və “Tramp yolu” layihəsinin reallaşması istəyinin əsas hədəflərindən biri məhz Mərkəzi Asiyaya çıxış imkanı əldə etməkdir: "Təsadüfi deyil ki, tarixdə ilk dəfə Mərkəzi Asiya liderləri 5+1 formatında Ağ Evdə ABŞ prezidenti ilə görüşüblər. Vaşinqtonda 5+1 formatında keçirilən görüş çərçivəsində ABŞ ilə Qazaxıstan arasında 17 milyard dollar civarında 30-a yaxın saziş imzalanıb. Özbəkistan isə yaxın illərdə ABŞ-dən dəyəri milyardlarla dollar olan 22 “Boeing” təyyarəsi alacaq. Tramp bununla kifayətlənməyərək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevla telefonla danışaraq hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 sammitinə dəvət edib. Trampın hədəfləri praqmatikdir. Qazaxıstan və Özbəkistan dünya uran ehtiyatlarının yarısına malikdirlər. Bundan başqa, Mərkəzi Asiya ölkələri nadir metallara malikdirlər. Smartfonlar, elektrik avtomobilləri və külək turbinləri başda olmaqla digər texnoloji avadanlıqların istehsalında nadir torpaq elementlərindən istifadə edilir. Keçmiş illərdə Çin nadir torpaq elementlərini ABŞ və Avropa dövlətlərinə ixrac edirdi. Ancaq Çin bu ixaracatı kəskin şəkildə azaldıb. Pekinin məqsədi bu yolla rəqiblərinin istehsalını zəiflətmək, eyni zamanda öz məhsullarının dünya bazarlarında satışını artırmaqdır. Çindən əlləri üzülən Qərb ölkələri, o cümlədən ABŞ diqqəti Mərkəzi Asiyaya yönəldib".
Analitik qeyd edib ki, ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirib: "ABŞ Qazaxıstanda modul tipli reaktorlar quraşdıracaq. Bu məqsədlə ABŞ Almatı şəhərində tədris mərkəzi açıb. Bu mərkəzdə modul tipli reaktorları çalışdıracaq mütəxəssislər hazırlanacaq. ABŞ bu sahədə Rusiya ilə rəqabətə girəcək. Məsələ burasındadır ki, Rusiyanın "Rosatom" şirkəti Qazaxıstanda atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə Qazaxıstanda daha kiçiktutumlu atom elektrik stansiyalar inşa edəcək. Özbəkistan rəhbərliyi Qazaxıstandan nümunə götürərək ölkədə atom elektrik stansiyasının tikintisini planlaşdırır. Böyük ehtimalla Vaşinqton Özbəkistanda da modul tipli reaktorların tikintisini Daşkəndlə müzakirə edəcək. Qazaxıstan və Özbəkistan ABŞ ilə iqtisadi əlaqələri gücləndirməklə Çinin inhisarından qurtulmağa çalışırlar. Çin Mərkəzi Asiyada böyük layihələr həyata keçirir və bu ölkələrə böyük miqdarda kreditlər verib. Bu kreditlər Mərkəzi Asiya ölkələrinin Çinə borclarının artmasına səbəb olub. Nəticədə Çinin Mərkəzi Asiya ölkələrinə təsir gücü artıb. Bunun təhlükəsizliklərinə xələlə gətirdiyini anlayan Mərkəzi Asiya ölkələri ABŞ ilə əməkdaşlığı genişləndirmək hesabına Pekin və Moskva ilə münasibətlərində balans yaratmağa çalışırlar".