
Zəngəzur dəhlizi adlanan tarixi yol hər zaman mövcud olub -ŞƏRH
Naxçıvanda olan vətəndaşlarımız bu yoldan rahat şəkildə istifadə edirdilər
Azərbaycan Prezidenti İlham Əliyev "Fox News” telekanalına müsahibəsində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlət başçısı qeyd edib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsir göstərəcək. Bu, bir tərəfdən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası deməkdir. Nəzərə alsaq ki, uzun müddətdir Naxçıvan blokadada yaşayırdı, quru əlaqənin bərpa edilməsi Naxçıvanda istehsal edilən məhsulların daha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinə çatdırılmasına imkan yaradacaq. Bu da təbii ki, Naxçıvanda biznesin inkişafı baxımından vacibdir. Digər tərəfdən, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə, orta dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq. Bu, eyni zamanda türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə verəcək.
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a deyib ki, cənab Prezident İlham Əliyev ABŞ-də olarkən yerli mediaya müsahibəsində dəhlizlə bağlı geniş fikirlərini bəyan edib. Deputat vurğulayıb ki, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, liderlər, xüsusən Paşinyan bir sıra məsələlərlə bağlı öhdəliklər götürüblər:

"Bu məsələdə əsas məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq öz Konstitusiyasını dəyişdirməlidir. Bunun ilkin təzahürlərini görürük. Ermənistanda artıq müzakirələr başlayıb. Yeni konstitusiya üzərində işləmək üçün ayrıca konstitusiyanın yaradılması nəzərdə tutulur. Ötən müddət ərzində Ermənistan çox çalışdı ki, müxtəlif yollarla Azərbaycana təzyiq göstərməyə cəhd etsin. İrəvan hökuməti mövcud konstitusiyaya dəyişiklik edilmədən sülh sazişinin imzalanmasını istəyirdi. Amma Azərbaycan dövlət başçısının qətiyyətli və prinsipial mövqeyi bu dəyişikliyin zərurətini İrəvana qəbul etdirdi. Əslində, ABŞ-nin əvvəlki administrasiyası da həmin fikirdə idi. Onlar da yekun sülh sənədinin heç bir dəyişiklik olmadan imzalanmasında israr edirdilər. Azərbaycanın qəti mövqeyi bu yanaşmanı kökündən dəyişdi. Ermənistanın başqa seçimi, yolu yoxdur. İrəvan gözəl anlayır ki, Bakının şərtləri yerinə yetirilmədən Azərbaycan və Ermənistan arasında yekun sülh imzalanmayacaq. Bu bizim qırmızı xəttimizdir. Yəqin ki, növbəti günlərdə bu istiqamətdə addımlar atıldığının şahidi olacağıq".
Parlament üzvü bəyan edib ki, Zəngəzur dəhlizi adlanan tarixi yol hər zaman mövcud olub:
"Sovet dövründə də Ermənistan ərazisindən dəmiryol xətti, avtomobil yolu keçirdi. Naxçıvanda olan vətəndaşlarımız bu yoldan rahat şəkildə istifadə edirdilər. O mənada İranın "layihənin onlara qarşı yönəlməsi" ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır. Dəhlizin "İran-Ermənistan əlaqələrini kəsəcəyi" ilə bağlı iddialarla da absurddur. Burada söhbət heç bir sərhəd dəyişikliyindən, hansısa maneədən getmir. Paşinyan da vurğulayıb ki, Zəngəzur dəhlizi İran və Rusiya üçün də faydalıdır. Bu, qlobal layihədir və bütün regional ölkələr üçün səmərəlidir. İranın narahatlığı yükdaşımalarla bağlıdır. İran çalışır ki, onun ərazisindən daha çox yüklər daşınsın, əsas nəqliyyat dəhlizi onların ərazisindən keçsin. Amma bu, müəyyən mənada problem yaradan məsələdir. Əgər Rusiya və İran vaxtında Azərbaycanın və o cümlədən Ermənistanın təkliflərini qəbul etsəydilər, soyuq başla məsələyə yanaşsaydılar, mühüm sənədlər, anlaşmalar Vaşinqtonda imzalanmazdı. O baxımdan, Moskva və Tehran günahı özlərində axtarmalı və anlamalıdırlar ki, artıq bu prosesə mane ola bilməzlər. İran prezidenti vurğuladı ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ mediada şişirdilir. Əslində, bu, ən soyuqqanlı yanaşma idi. Rusiyanın reaksiyası isə gecikdi".