Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü. Ali Məhkəmədə özünü öldürməyə cəhd həddinə çatdırmada və əzab vermədə təqsirləndirilən R.Mahmudovun barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bildirilib ki, zərərçəkmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini istəyib. Qərara əsasən, zərərçəkmiş şəxsin ərizəsi təmin edilib, şikayət geri götürülüb. İttihama görə, R.Mahmudov 2014-cü ildən 2019-cu ilin sonunadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda hamilə vəziyyətdə olan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına - S.S.-ə (şərti) qarşı amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırıb və işgəncə verib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Mahmudova şərti cəza verilib. Hökmdən narazı qalan S.S. apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra qadın kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Sual ortaya çıxır. İşgəncəyə məruz qalan bir qadın niyə sonunadək mübarizə aparmır və şikayyətini geri çəkir? Səbəb nədir? Qarşı tərəfin hədə- qorxusu, ya ətraf nə deyər düşüncəsi?
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, burada ən böyük faktor ailədir:
"Valideyn nə deyirsə, qadın onu eləməyə məcbur buraxılır. Hamilə qızın evə geri qayıtması üçün faciə hesab olunur. Hətta, belə hallarda söyləyirlər ki, doğulmamış körpəni abort et. Onlar bu cür tələblərlə əslində qızlarına ər evindən yalnız meyidin çıxar mesajını verirlər. Bir qadın hər şeyə övladı üçün dözür. Valideynlər bu şərtləri qızları evə geri qayıtmasın deyə, qoyur. Əgər həmin qadın əri tərəfindən döyülərək öldürülsə, valideynlərin ah-vay etməkdə ixtiyarları yoxdur. Sonradan peşman olmamaq üçün qızlarına indi sahib çıxmalıdırlar. Boşanmalarda bir mənalı şəkildə qadın tərəfi günahlandırırlar. Heç bir zaman xırda problemlərə görə, boşanmanın tərafdarı deyiləm. Lakin tərəflərin bir-birinə hörməti yoxdursa, fiziki təzyiq göstərilirsə, evli qalmaq mənasızdır. Hesab edirəm ki, belə hallarda empatiya duyğusu böyük bir addımdır. Təəssüf ki, hüquq mühafizə orqanları şikayyət çəkildikdən sonra nəzarət etmirlər. Yəni, qadının sonrakı taleyi haqda maraqlanılmır".