Biri Şəhidlər xiyabanında, digəri yol kənarında uyuyur
Azərbaycan dövlətinin suverenliyini bütün ölkə ərazisində bərpa etməsinin ildönümü günlərini xalqımız bu gün böyük coşqu ilə qeyd edir. Həmçinin 44 günlük Vətən müharibəsinin yaxınlaşmaqda olan dördüncü ildönümü ərəfəsindəyik. Bu günlərdə böyük qələbələrə aparan yolun başlanğıcına nəzər salınır, Vətən torpaqlarının müdafiəsində canlarını fəda etmiş şəhidlərimiz ehtiramla xatırlanır. Bu gün 2 şəhid – Xocalının müdafiəsində canından keçmiş yüzlərlə oğuldan 2-si - Aqil Sahib oğlu Quliyev və İlqar Vaqif oğlu Musayevin qəhrəmanlıqlarından danışacağıq. Hər ikisi Xocalıdakı Qaz kontorunda kiçik bir dəstənin tərkibində - cəmi 11 nəfərlə erməni faşistlərinə qarşı qəhrəmancasına döyüşüb şəhid olublar. Bu igidlərin həyatı və döyüş yolu bir daha təsdiq edir ki, Azərbaycanın qeyrətli oğulları üçün harada doğulmaqlarından asılı olmayaraq torpağın hər qarışı Vətəndir.
Aqil Sahib oğlu Quliyev 19 sentyabr 1963-cü ildə Sisian rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib və Azərbaycan Neft-Kimya İnstitutunun (hazırda Azərbaycan Sənaye Universiteti) axşam şöbəsinə daxil olub. Üçüncü kursda təhsil alarkən hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirib və elə həmin məktəbdə müəllim işləyib. Erməni separatçıları Qarabağda müharibəni alovlandırdıqda Aqil ailəsi ilə birlikdə Vətənə qayıdıb. Leytenant rütbəsində olan Aqil Quliyev Bakıya gəlib və Azərbaycan Silahlı Qüvvələrinin qərargahına gedərək cəbhəyə göndərilməsini xahiş edib. Qərargah rəisi Arif Salahov onun xahişini nəzərə alıb, 45 nəfər döyüşçü ilə Aqil Quliyevin cəbhə bölgəsinə getməsini təmin edib. Onun qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi günü bilirdi. O da Aqildən xəbərsiz könüllü olaraq cəbhəyə gedən rotaya yazılıb. Aqil onun bu cəsurluğunu görüb çox sevinib və onun bu fədakarlığını alqışlayıb. Bir neçə gündən sonra rota Zabrat Hava Limanından vertolyotla Ağdama yola düşüb. Ağdamda qərara alınıb ki, 11 nəfər Umudluya göndərilsin. Qalanlar isə daha ağır vəziyyətdə olan Xocalıya yollanıb. O, qardaşı Nəsimi ilə Xocalının müdafiəsini təşkil edib. Onların ərzaqla təminatını xocalılılar öz boyunlarına götürüblər. 1991-ci ilin sonunda Xocalı cəbhənin ən təhlükəli nöqtəsi idi. Aqil Quliyev 21 nəfər döyüşçü ilə Xocalı Hava Limanının rəisi Əlif Hacıyevin müdafiə batalyonu ilə çiyin-çiyinə Xocalının müdafiəsində dayanıb. Vəziyyət gərginləşdikdə Aqil Quliyev tez "Xocalı" taborunun komandiri Tofiq Hüseynovla görüşüb döyüş mövqeyini möhkəmlətməyə çalışıb. O, hücum edərək rusların qoşun hissələrindən 3 BRDM, ərzaq dolu 2 UAZ maşın, 13 hərbçini girov götürüb. Əsgərləri tərk silah edib Ağdama göndəriblər. Bundan sonra rusların qoşun hissəsi Xocalı milis şöbəsinə basqın edib. Bir neçə nəfəri öldürüb rəis müavinini girov aparıblar. A.Quliyev isə dəstəsi ilə dərhal hücuma keçib düşmənin BRDM-ni heyəti ilə birlikdə ələ keçirib, milis şöbəsindəki erməni separatçılarını da girov götürərək qərargaha göndərib. 1992-ci il yanvarın 23-də Aqil Quliyev Hikmət Nəzərli ilə birlikdə Bakıya gəlib Xocalını xilas etmək üçün respublika rəhbərliyi ilə görüşmək istəyib. Bəzi rəhbərlər nəinki onlarla görüşməyib, hətta onlara mane olublar. Aqil Quliyev cəbhədə baş verən uğursuzluqların səbəblərindən danışaraq respublika prezidenti Ayaz Mütəllibovun göstərdiyi laqeyd və biganə münasibətə öz hiddətini bildirmişdi: “Əgər tezliklə əncam çəkilməsə, baş verə biləcək fəlakətin miqyasını sözlə ifadə etmək çətin olacaq". Şahin Musayevlə görüşən A.Quliyev 80 ədəd mərmi əldə edə bilib. O, Baba Nəzərlinin köməkliyi ilə DİN-dən 4 maşın silah-sursat əldə edib. Həmin sursatı Ağdamdan Xocalıya uçan sərnişin vertolyotu çatdırmalı idi. Xainlər tərəfindən ermənilərə çatdırılan məlumat həmin vertolyotun düşmənlər tərəfindən vurulması ilə nəticələnib. 1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülüb. Heyətin sırasında bir rus polkovniki də olub. Lakin rəhbərlik girovların azad edilməsini tələb edib, hədələrin və zənglərin ciddi şəkil alacağını düşünərək Aqil rus polkovniki ilə dialoqa girir və 1 "BMP", 1 "Kristall" raket qurğusu, çoxlu hərbi sursat və 1 maşın ərzaq qarşılığında onları azad edib. Girovlar geri qaytarıldıqdan sonra isə ermənilər rusların alayı ilə birlikdə Xocalını mühasirəyə alıblar. Fevralın 18-də Aqil Quliyev qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçü ilə mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşıb. Postda erməni quldurlarına göz açmağa imkan verməyib 21 nəfərini öldürüblər. Otağa girəndə döyüşçü yoldaşı İlqar Musayevə güllə dəyib. Aqil Quliyev onu təhlükəsiz yerə aparmaq istəyib, lakin avtomatdan açılan atəş onun ayağına dəyib. İlqar həyatla vidalaşıb, özünü yetirən Cabbar isə düşməni qətlə yetirib. Bu döyüşdə Cabbar və Hafiz də yaralanıblar. Yaralı döyüşçülər əməliyyatı başa çatdırmadan geri dönüblər və Aqili öz postlarına çatdıra biliblər. Aqil Quliyevin təcili cərrahiyyə əməliyyatına ehtiyac olsa da, həmin vaxt nə həkim çağırmaq, nə də Aqil Quliyevi hospitala çatdırmaq mümkün olub. Yaralı vəziyyətdə olan Aqili döyüş yoldaşları xərəyə qoyub Xocalıdan çıxarmağa çalışıblar. Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxarıblar. Lakin erməni əsgərlərinin pusqusuna düşüblər. Aqil Quliyevi aparanlardan hamısı həlak olub, güllələrdən biri də Aqilə dəyib. Aqil Quliyevin və döyüş yoldaşlarının meyitlərini yalnız beş gün sonra - martın 2-də hadisə yerindən götürmək mümkün olub. Aqil Quliyev Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Aqil Quliyevin həyatı və döyüş yolundan bəhs edən “Vətən sağ olsun” tammetrajlı sənədli televiziya filmi çəkilib. Aqil Quliyev 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" (ölümündən sonra) adına layiq görülüb. 1999-cu ildə Ulu Öndər Heydər Əliyev Milli qəhrəmanın layiq görüldüyü yüksək mükafatı onun atası Sahib Quliyevə təqdim edib. Aqil Quliyevlə eyni cəbhədə, Xocalının müdafiəsində igidliklə döyüşən və şəhid olan İlqar Vaqif oğlu Musayev isə 1970-ci il mart ayının 29-da Naxçıvanda dünyaya gəlib. Bakının Nərimanov rayonunda orta məktəbi bitirib. Ukraynaya hərbi məktəbdə təhsil almağa göndərilib. Vətənpərvər oğul 20 Yanvar hadisələrindən sonra oradakı azərbaycanlıları ətrafına toplayıb 40-gün matəm saxlayıblar. Sonra isə könüllü olaraq təhsilini davam etdirməkdən imtina edib və Vətənə qayıdıb. Bakıya qayıdanda ilk ziyarət yeri Şəhidlər xiyabanı olub. İntiqam hissi İlqarı o qədər bürüyüb ki, evə gələn kimi "nə olursa olsun, mən döyüşə gedəcəm. Oğullarımızın intiqamını alacam", deyərək 1991-ci ilin dekabrında könüllü olaraq cəbhəyə gedib. Döyüş yoldaşları İlqarın igidliyi haqqında anası Mənzərə müəlliməyə danışıblar: “Çox təvazökar idi. Özü etdiyi işlərdən danışmazdı. İlqar həlak olduqdan sonra dörd nəfər döyüş yoldaşı bizə gəlib İlqar haqqında danışdılar. Onlar deyirdilər ki, o, tək başına 70 erməni öldürüb. İlqar həmişə ən çətin nöqtələrə gedərmiş. Ən çətin sahələri götürürmüş. Axırıncı döyüşü Xocalının Həsənabad kəndində olub. Ermənilər oradakı qaz kantorunu tutubmuşlar. İlqar deyib ki, nə üçün onlar həmişə hücum etməlidirlər? Bir dəfə də biz onlara hücum edib oradan qovaq. Komandiri "Milli Qəhrəman" Aqil Quliyev də razılaşıb. Bu döyüşə İlqarı aparmaq istəyiblər, amma İlqar israr edib. Döyüşdə İlqar ermənilərin 22 əsgərini və pulemyotunu susdurub. O gün də qəhrəmancasına şəhid olub. Ona erməni faşistləri 9 güllə vurublar. Elə o səbəbdən onun qanaxmasını saxlaya bilməyiblər. Ondan əvvəl ermənilər onun başına 50 min dollar pul qoyubmuşlar. Orada onların hər birinin ləqəbi var imiş. İlqarın da ləqəbi "Kobra" imiş. Şəhid anası İlqarın evə axırıncı gəlişini xatırlayaraq dedi ki, oğlu hər gələndə istəyirmiş ki, buradan silah aparsın, amma onlara heç nə verilmirdi. O, oğlu ilə axırıncı söhbətini belə xatırladıb: "Axırıncı dəfə gedəndə mən dedim ki, İlqar, ora mühasirədədir, sən necə gedəcəksən? Özüm də dayandım qapının ağzında, istəmədim buraxam. O dedi: "Ana, sabah ermənilər Bakıya gəlsə, sən məni harada gizlədəcəksən, sandığa qoyacaqsan? Oradakılar hamısı bizim bacılarımızdı, analarımızdı. Onların hamısının qeyrətini biz çəkməliyik. Dağ yolu ilə də olsa, mən gedəcəm. Mən oraları tanıyıram. Elə o cür də getmişdi”. İlqar Musayev 1992-ci ilin fevralın 19-dan 20-nə keçən gecə Xocalıda qəhrəmancasına həlak olub. Meyitini 3 gün ərzində vertolyot verilmədiyinə görə Xocalıdan çıxarmaq mümkün olmayıb. Ona görə də onu Xocalıda yolun kənarında dəfn ediblər.
30 il dərdi ürəyində qubar olan analara şəhid övladlarının məzarını ziyarət etməyi, təsəlli tapmalarını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun igid əsgərləri, Vətən torpağını qanı ilə suvaran şəhidlərimiz qismət etdi. Bu gün Suverenlik Günü və 44 günlük Vətən müharibəsində qazanılan qələbəni bayram etdiyimizə görə bütün şəhid və qazilərimizə, şanlı ordumuza minnətdarıq.