Müəllimi söymək asandır, bir az fikirləşək
Ali təhsil müəssisəsinin geyimi diskoteka, bar, əyləncə mərkəzi, çimərlik geyimindən fərqlənməlidir
“Məktəb, sinif otağı, eləcə də auditoriya təcrübə poliqonu deyil, yoxlayaq ki, beli, qarnı açıq, dizləri cırıq şalvarda tələbə qıza və ya şalvarı belindən düşən, bədəni döyməli oğlana çoxmu diqqət yetirildi, dərsdə fikir yayındı, yayınmadı?!.”
Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb. Və bir anda günün – əsasən sosial şəbəkələrin hədəfinə çevrilib. Həm müsbət, həm mənfi baxımdan. Müəllimi təqdir edənlər də var, tənqid edənlər də. Tənqid edənlərin əksəriyyəti də, təbii ki, ATU-nun tələbələridir. Müəllimin geyimə qarışması ATU-nun tələbə qızlarını yamanca əsəbiləşdirib. Gözlərini yumub, müəllimin bildikləri “əyər-əskiyini”, “xətalarını” sadalamağa başlayıblar. “Əvvəlcə, “dientologiya” sözünü düz yazmağı öyrən”, “sən niyə hicab taxmırsan?”, “uzman deyil”, və sair, və sair...
ATU tələbələri yəqin bilir, bilməyənlər üçün xatırladaq ki, deontologiya etik nəzəriyyənin bir sahəsi, əxlaqi dəyər və etik qaydaları araşdıran elm sahəsidir. Tibbi deontologiya isə tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur. Bu belə. Geyim məsələsi isə uzandıqca uzana biləcək və ya uzadıla biləcək mübahisəli məsələdir. Bu məsələ hətta ən ciddi müstəvidə müzakirəyə çıxarılsa belə, “hər kəs geyimində sərbəstdir”, deyənlərlə “geyimdə sərbəstlik bəlli çərçivə daxilində olmalıdır”, mübahisəsi heç bitməyəcək kimi görünür. Fəqət, həqiqətən də, hər şey ölçü daxilində daha gözəldir. Ölçülərin itməsi, bəlli sədlərin aşılması, israf – izafilik xoş qarşılanmayan haldır. Bu, ümumən cəmiyyətdə ölçülərin itməsinə, nəticə etibarilə hərc-mərcliyə gətirib çıxarar. Təəssüf ki, bu gerçəyi bəzi insanlar qəbul etmək istəmir.
Qeyd edək ki, Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyeva tv-proqramların birində verdiyi müsahibədə tələbələrin geyim məsələsinə toxunmuşdu: “Evdən uzun ətəklə çıxır, görürəm, dərsdə şortla oturur. “Qızım, hara gəlmisən? Bura plyaj deyil”. Milliliyimizi itirməyək, onun üçün çimərlik var. Klublar, barlar var. Siz deyirsiniz “dress-kot”, əcnəbi sözləri eşidəndə allergiyam tutur. Bu, geym tərzinin adıdır. Tələbə qız şortda əyləşib, yanında da oğlan əyləşib. Mən sənətimizdən, aktyorluqdan danışıram, görürəm ki, oğlan yavaş-yavaş qızın ağ budlarına baxır. Deyirəm, filankəs, buradayam. Deyir, hə, müəllim. Sonra yenə fikri yayınır. Deməli, bu gün o, həmin dərsi öyrənmir. Axırda qızı qaldırıram, deyirəm, get, adam “vidi”ndə geyin. İndiki qızlar da dilli olub. Qarşısındakı pedaqoqun yaşını da nəzərə almır, cavab qaytarır ki, hansı paltarda gəlmişəm?! Deyirəm, sən dənizə getdiyin paltarda gəlmisən. O uşaq da (yanında əyləşən) başa düşmür, onu dərsə cəlb edə bilmirəm, çünki cazibə qüvvəsi sənin baldırlarındadır. Mənim dərsimə belə gəlməyin. Qolu uzun geyimdə gəlin, dar olmayan şalvar geyinə bilərsiniz, qısaqol olar, amma digər açıq, “topik” geyim qətiyyən olmaz”.
Gülşad Baxşıyevadan sonra, indi də ATU-nun müəllimi tələbə qızların geyiminə irad tutub. Bu iki müəllimin iradları ictimailəşib deyə, mübahisə və müzakirə yaradıb. Bəlkə, tələbələrinə geyimlə bağlı irad tutan daha neçə müəllim var, lakin onlar iradlarını sosial şəbəkə vasitəsilə ictimailəşdirməkləri üçün nə qədər müəllimin şagird və ya tələbələrin geyimindən narazı olduğu bilinmir. Niyə şagirdləri də bu sıraya əlavə etdik, çünki orta məktəblərdə vahid məktəbli forması tətbiq edilsə də, qaydaları pozanlar var.
Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az"a açıqlamasında cəmiyyətdə tarazlığın pozulduğunu, etik davranış qaydalarının, zövqlü geyim tərzinin sıradan çıxmağa başladığını dedi:
"Təəssüflə qeyd etməliyəm ki, son illərdə cəmiyyətimizdə mədəni, etik davranış tərzi aradan çıxmaq üzrədir. Geyimi, xanım-xatımlığı ilə seçilən Azərbaycan qadını, məğrur duruşu, geyim tərzi ilə seçilən Azərbaycan kişisi obrazı da sıradan çıxmaq üzrədir. Hər yerin öz geyim tərzi var və o insanlar mədəni, sivil hesab edilir, hansı ki harada necə davranmaq lazım gəldiyini, hansı məkana, hansı məclisə necə libas geyinilməli olduğunu bilirlər. Kimsə yas məclisinə gedəndə al qırmızı geyinirmi?.. Düzdür, indi bu norma da yavaş-yavaş aradan qalxır. Bəzi xanımlar yas məclislərinə də bəzənib-düzənib, ən bahalı paltarını geyinib gedir. Zinət əşyaları da taxır, sanki toy məclisinə gedir. Bu, yas məclisi sahibinə hörmətsizlik, bunu edən insanınsa meşşan xarakterindən xəbər verir. Müəllimlərin dediyində həqiqət var. Ali təhsil müəssisəsinin geyimi diskoteka, bar, əyləncə mərkəzi, çimərlik geyimindən fərqlənməlidir. Çimərlik geyiminə uyğun libaslarda gəzir bəziləri küçədə. Amma belə insanların estetik dünyagörüşləri və etik davranış qaydaları bilgiləri sual altında sayılır. Zövqlü geyim tərzi ilə seçilən Azərbaycan qadını və kişisinin son illərdə geyim, davranış anlayışları kəskin dəyişib, deqradasiyaya uğrayıb. Havalar azacıq isinən kimi, üzr istəyirəm, “qarnı açıq” qızlar peyda olur. Yaşlı insanlar belə geyimli qızlara baxmağa utanır. Amma onlar utanmır. Mən tələbə qızlara geyimləri ilə bağlı irad tutan müəllimləri anlayıram və onların mövqeyini təqdir edirəm. Şəxsən mən də tələbələrimə açıq-saçıq, qısa geyimlərdə dərsə gəlməyi qadağan etmişəm. Bildirmişəm ki, bu cür geyimli qızlar mənim dərs saatımda auditoriyaya daxil olmasın. İndi kimsə, iddia edə bilər ki, mən tələbənin geyim azadlığını məhdudlaşdırıram. Bunu kim iddia edirsə, dar düşüncəli, metodika, pedaqogika və psixologiyadan bixəbər insandır. Auditoriyada bir tələbə qızın qısa ətəkdə, yaxud bel, qarın nahiyəsi açıq əyləşməsi, təbii olaraq digər tələbələrin diqqətini dağıdacaq. Eləcə də əgər tələbə və ya şagird dərsə qulağında sırğa, burnunda, dodağında qaş, müxtəlif zinət əşyaları ilə gəlirsə, digər tələbə və şagirdlərin dərsdə diqqətinin dağılacağı labüddür. O uşaqların fikri dərsdə olmayacaq, gərginlik yaranacaq. Bunu kimsə, nəfsi cilovlamaqla, ehtirası ələ almaqla əlaqələndirməyə çalışmasın. Məktəb, sinif otağı, eləcə də auditoriya təcrübə poliqonu deyil, yoxlayaq ki, beli, qarnı açıq, dizləri cırıq şalvarda tələbə qıza və ya şalvarı belindən düşən, bədəni döyməli oğlana çoxmu diqqət yetirildi, dərsdə fikir yayındı, yayınmadı?!. Birdəfəlik qəbul edilməlidir ki, təhsil ocağının öz geyim tərzi olmalıdır. Sadə, təmiz, az diqqət cəlb edən. Nə qədər ki qız, oğlan ali məktəb auditoriyasındadır, o, tələbədir. Geyimi də həmin andakı statusuna uyğun olmalıdır. Dərsdən sonra hara istəsə gedə, nə istəsə geyinə bilər. Dərsə isə təhsilin daşıdığı mahiyyətə uyğun geyimdə gəlməlidirlər".