2025-ci ildə sosial paketin dərinləşməsi prioritetdir
Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında etdiyi çıxışda Azərbaycanda iqtisadi sahədə görülən işlər və əldə edilən nəticələrlə bağlı önəmli məsələlərə toxunub. Prezident cari ildə ölkədə iqtisadi göstəricilərin müsbət olduğunu bildirib. Belə ki, səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb, qeyri-neft sektorunda isə bu artım 7 faiz olub. Görülən işlər nəticəsində ölkədə xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 7,5 faiz təşkil edir. O qeyd edib ki, 2018-ci ildən bəri Azərbaycanda 7 milyard manat məbləğində dörd sosial islahat paketi həyata keçirilib və bu paketlər 4 milyon insanı əhatə edib: “Bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır. Yəni bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir”.
Ölkə başçısının çıxışını şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov “Sherg.az"a açıqlamasında Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiyanın yenidən artırılacağını deyib.
Deputatın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir:
“Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünün hesablanacağı gözlənilir. Gələn ilin büdcə sənədinə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq.
İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin strukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir.
Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir”.