İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Onların yarıdan çoxu bilgisizlikdən azad cəmiyyətdə yaşaya bilməyənlərdir
“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində "Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" adlı layihə həyata keçirilib. Monitorinq 18 sentyabr 2024-ci il tarixində 16 saylı cəzaçəkmə müəssisəsində baş tutub. Layihənin əsas məqsədi, məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir. Layihə çərçivəsində 42 məhkuma hüquqi məsləhətlər verilib, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılıb, 2 məhkum üçün apleyasiya şikayəti yazılaraq özlərinə təhvil verilib. 27 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri, mövcud qaydalar barədə məlumatlandırılıb. Layihə çərçivəsində həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılıb. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir. Monitorinqlər zamanı Məhkumların saxlanma şəraiti, Səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, Məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, Təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olub. Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcək. Bu çərçivədə məhkumlara hüquqi yardımların davam etdirilməsi və onların hüquq və azadlıqlarının qorunması istiqamətində yeni fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi məhkumların ən çox istifadə etdiyi 4 dildə onların hüquqlarının izahı ilə bağlı stendlər də quraşdırılıb. Bunlar Azərbaycan, rus, fars və ingilis dilləridir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Hüquq şöbəsinin rəisi, ədliyyə polkovniki Ziya Dadaşov deyib ki, respublikamızın cəzaçəkmə müəssisələrində ABŞ, Banqladeş, Belarus, Çin, Əfqanıstan, Əlcəzair, Ermənistan, Gürcüstan, Hindistan, İran, İraq, Konqo, Liberiya, Maldiv, Mərakeş, Misir, Moldova, Nigeriya, Oman, Özbəkistan, Qazaxıstan, Qvineya, Pakistan, Rusiya, Şri-Lanka, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan və Ukrayna vətəndaşları cəza çəkirlər. O cümlədən 4 nəfər vətəndaşlığı olmayan şəxs, 4 Rusiya vətəndaşı, 4 Gürcüstan vətəndaşı, bir İran vətəndaşı və bir Qazaxıstan vətəndaşı ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkirlər.
Məlumat üçün bildirək ki, cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər. Həmçinin cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları var. Məsələn, məhkumlar cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə məşğul olmaq, istirahət etmək, pensiya və ya sosial müavinət almaq, ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq, öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq hüquqlarına malikdirlər. Eyni zamanda hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək haqlarına sahibdirlər. Bununla yanaşı, məhbusların dini ayinlərin icra edilməsində iştirak, təhsil almaq və peşə hazırlığı keçmək hüquqları da tanınır.
Hüquq müdafiəçisi Xəzər Teyyublu "Sherg.az"a açıqlamasında bildirib ki, “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən məhkumlarla bağlı həyata keçirilən layihə təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, həbsxanalarda müxtəlif səbəblərdən cəza çəkən məhkumlar öz hüquqlarını bilməlidirlər:
"O baxımdan məhkumlarla bağlı treninq-seminarların təşkil olunması müsbət haldır. Xüsusən məhkumların hüquqlarının onlara çatdırılması, hüquqi dəstək almaları onlar üçün həyati əhəmiyyət kəsb edir. Nəzərə alaq ki, məhbəs həyatı yaşayanların yarıdan çoxu bilgisizlikdən azad cəmiyyətdə yaşaya bilməyənlərdir. Məhz bilgisizlik ucbatından hansısa formada qanunları pozur, cinayət törədirlər. Hazırda ölkəmizdə ictimai nəzarət mexanizminin güclənməsi prosesi gedir, vətəndaş cəmiyyətləri inkişaf edir. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, müxtəlif sahələrdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir. Hüquq müdafiəçisi kimi məhkumlara öz hüquqlarının çatdırılması, onlara hüquqi məsələlərdə dəstək göstərilməsi, müəyyən tövsiyələr verilməsini olduqca müsbət tendensiya sayıram. Eyni zamanda bəzi məhkumların əfvə düşməsi, reabilitasiya prosesinə cəlb olunması istiqamətində atılan addımları da yüksək qiymətləndirirəm. Bu gün məhkum həyatı yaşayan şəxslər azadlığa çıxacağı təqdirdə öz hüquqlarını bilən vətəndaş olmalıdır. Cəmiyyətə adaptasiya olmaq baxımından da məhkumlarla hüquqi məsələlərdə söhbətlərin aparılması önəmlidir. Həbsxanalarda müxtəlif əməllərdən dolayı məhbəs həyatı yaşayan gənc insanlarımız da var. Ona görə də yaxşı olar ki, bu cür layihələr davamlı olsun. Bu sahədə boşluq açıq hiss olunur".