Elmir Əkbər: Çox təhlükəli dövrdə yaşayırıq

İnternet, feysbuk, instaqram, tiktok, sosial şəbəkələr yeniyetmələri intihara sürükləyir

  
Daha bir yeniyetmə faciəsi, daha bir intihar.  Faciəli hadisə İmişli rayonunun Aşağı Qaralar kəndində baş verib. 14 yaşlı Şahbazlı Əliağa İsi oğlu bibisinə məxsus evin   həyətində özünü asaraq intihar edib. Verilən məlumatda qeyd edilir ki, hadisə sentyabrın 23-ü saat 16 radələrində Aşağı Qaralar kəndində baş verib. Yeniyetmənin meyitini yaxınları aşkar ediblər. Bildirilir ki, orta məktəbin 9-cu sinif şagirdi olan Əliağa hadisədən əvvəl atası ilə mübahisə edib. O, daha sonra bibisigilin həyətinə gedərək həyatına qəsd edib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
  Hansı səbəbdir 14 yaşlı oğlanı intihara sürükləyən? Bu suala cavablar çox müxtəlif ola bilər. Ailə daxilində çəkişmələr, valideynlə uşaq arasındakı görünməyən, amma mövcud olan uçurum, psixi pozuntular, uşağın ruh halı, sinif yoldaşları arasında anlaşılmazlıq, məktəbdə təklənmə, bəlkə kimlərinsə təhdidi, qorxu, stress, yaxud da ərköyünlük, hansısa istəyin yerinə yetirilməməsindən doğan hirs, qəzəb… Nə qədər ehtimallar var. Hansı daha gerçəkdir, bəlkə də, valideynlər, ya da dostları bilir. 

Psixoterapevt Elmir Əkbərsə "Sherg.az"a açıqlamasında yeniyetməlik dövrünün çətinliklərlə dolu olduğunu xatırlatmaqla, valideynlərin və məktəbin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi: 
- Təəssüf ki, yeniyetmələr, gənclər arasında intihar halları baş verir. Səbəblərdən  birincisi, ailənin psixoloji-psixoterapevtik baxımdan düzgün qurulmamasıdır. Valideyn uşağa kiçik yaşlarından lazımi diqqət göstərmir, böyüdükcə isə ondan tələbləri artır. Axı sən valideyn olaraq bu ağaca vaxtında qulluq göstərməmisən, indi ondan bar verməsini necə tələb edirsən? Bəzi ailələrdə uşağı ərköyün böyüdürlər. Uşaqda isterik xarakter tipi formalaşır. Bəzi atalar evdə tiranlıq edir, övladla səmimi bağlar qurmur. Bu da sonradan valideynlə övlad arasında problemli vəziyyət, anlaşılmazlıq, qarşılıqlı inamsızlıq yaradır. Və bəzən intihara da gətirib çıxarır. Səbəblər müxtəlifdir. Kimisi imtahanlarda uğursuzluğa görə, kimisi “cavabsız məhəbbətə” görə, bəzisi internet oyunlarının  təsirinə düşərək, bəzisi bizə adi görünən, amma yeniyetməlik yaş dövrü üçün dəyərli sayıla biləcək nəyinsə əldə edilməməsinə, istəyinin yerinə yetməməsindən doğan küskünlük, yaxud əsəb, qəzəb hissi ilə hərəkət edir. Və həyatlarına qəsd etməyi düşünür. Onların qarşısı alınmadığından faciə baş verir. Valideynlər övladlarının ruh halına, xarakterlərinə lazımi səviyyədə bələd olsalar, faciələrin qarşısını ala bilərlər. Təəssüf ki, bunu çox az valideyn edir. Çox az valideyn övladını tanıyır, övladına bələddir. Çox az valideyn övladı ilə lazımi qədər vaxt keçirir, zaman ayırır. Anlayırıq, valideynlər də işləyir, çalışır. Bir çoxunun vaxtı, zamanı olmur övladı ilə maraqlanmağa, onun davranışlarına diqqət etməyə, hara getdi, hardan gəldi, kiminlə dostluq edir, vaxtını necə keçirir. Elə ona görə də hər zaman deyirik ki, məktəbin də üzərinə böyük məsuliyyət düşür. Ailə və məktəb uşağın formalaşmasında ən əsas rol oynayan mühüm seqmentlərdir.  Məktəblinin təlim-tərbiyəsi məktəbdən asılıdır. Məktəbdə savadlı psixoloqlar işləməlidir, bir neçə ay kurs keçib, sertifikat alıb psixoloq kimi işə götürülən delitantlar deyil. Müəllim özü də həm yaxşı pedaqoq, həm də yaxşı psixoloq olmalıdır. Şagirdin davranışını müşahidə edən müəllim qeyri-adilikləri sezməli və şagirdlə söhbət aparmalıdır. Niyə sinif yoldaşları ilə qaynayıb-qarışmır, dərsə niyə hazırlıqsız gəlir, hansı ehtiyacları var, ailədə ümumi vəziyyət necədir, bunları müəllim bilməlidir. Və məktəb psixoloqu da ehtiyac yaranarsa, şagirdlə işləməlidir, onu durğunluq, depressiv vəziyyətdən çıxarmağa çalışmalıdır. Məktəb şagirdin problemlərini bilsə, icra orqanlarına, dövlət strukturlarına müraciət edib, onun düzgün istiqamətə yönləndirilməsinə yəqin ki, yardım etmiş olar. Amma  bunu etmirlər.  

E.Əkbər qeyd etdi ki, bütün bunlar zəruri məsələlərdir və yeniyetmə-gənclərin sonrakı taleyini böyük mənada həll edə bilər: 
- Təsadüfi deyil ki, bəziləri məktəb müəllimlərini özlərinin həyat müəllimi hesab edirlər. Doğrudur, bu kimi hallar ötən əsr üçün daha xarakterikdir, amma indi də şagirdlərlə valideyn kimi, hətta onlardan da artıq səmimi, mehriban davranan müəllimlər var. Bununla mən heç də bütün məsuliyyəti məktəbin üzərinə qoymuram. İlk başda dedim ki, ən böyük məsuliyyət ailənin, valideynin üzərindədir. Uşağın yetişməsində ailə-məktəb-mühit – bu 3 təbəqə aparıcı roldadır. 
Siz bilirsiz, indi mühit necə korlanıb, mühit uşaqları necə bədbəxt edir?!. Çox təhlükəli dövrdə yaşayırıq. İnternet, feysbuk, instaqram, tiktok, sosial şəbəkələr… Telefonlarda qumar, mərc oyunları cəlb edir yeniyetmələri. İntihara sövq edən, aqressiya, qəzəb oyadan kompüter oyunları nə qədər var.  Valideyn nəzarət etməlidir uşaq nəylə məşğuldur, əhatə dairəsi kimlərdən ibarətdir. Uşaqlar ata-ana arasında səmimi münasibət, ünsiyyət olmalıdır. Bunlar yoxdursa, uşaq özünə qapanacaq. Ünsiyyət ehtiyaclarını sosial şəbəkədə qarşılamağa başlayacaq.

E.Əkbər valideynlərin diqqət etməli olduğu məqamları izah etdi: 
- Təhlükəli davranışlar çoxdir. Ən təhlükəli olan nədir; əgər uşaq özünə qapanırsa, əvvəl onda maraq doğuran şeylər artıq onu maraqlandırmır, sanki dəyişib. Enerjisi sönüb. Otağına çəkilir, söhbətdən qaçır, dostları ilə də ünsiyyətdən qaçır, səliqəsinə, gigiyenaya fikir vermir, valideynlər mütləq həkim-mütəxəssisə müraciət etməlidirlər. Bunlar sadə forma şizofreniyanın, endogen-klinik psixiatrk depressiyanın ilkin əlamətləridir və vaxtında qarşısı alınmayanda ciddi fəsadlara yol açır. Digər təhlükəli davranışlara uşağın qəribə şəkildə aqressivləşməsi, ana-atasına qarşı aqressivlik nümayiş etdirməsi, şübhəli fikirlər səsləndirməsi, qonşular, dostları haqqında. Bu, patanoid-şizofreniyanın ilkin əlamətləri ola bilər. Xüsusilə vurğulamaq istəyirəm ki, belə hallarla qarşılaşdıqda valideynlər qohum-qonşunun “əşşi, uşaqdır, fikir verməyin, böyüyəndə düzələcək”, kimi sözlərinə fikir verməyib, övladlarının sağlamlığı ilə məşğul olsunlar.  Yeniyetməlik kritik yaş dövrüdür. Mütləq həkim-mütəxəssislə məsləhətləşmək lazımdır. Ən böyük problem biganəlik, laqeydlikdir. İnsanları ölümə sürükləyən məhz bunlardır.