Gələcəyi gənclər qoruyacaq -RƏY

Ailənin və məktəbin rolu danılmazdır

Biz çalışmalıyıq ki, hər iki institutun rolunu gücləndirək


  Azərbaycan xalqı milli dəyərlərimizin qorunması, müstəqilliyimizin möhkəmlənməsi üçün həyata keçirilən sistemli təbliğatın bəhrəsini Vətən müharibəsi zamanı gördü. Bütün dünya şahid oldu ki, ölkəmizdə yaşayan müxtəlif xalqlar bir anın içində Qarabağ uğrunda vahid mövqe nümayiş etdirdi və Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində 30 illik işğala son qoydu. Təbii ki, milli birliyimizin, gənc nəslin vətənpərvər ruhda böyüməsinin kökündə Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, gənclərin milli ruhda böyüməsi üçün həyata keçirilən sistemli iş və xalqımızın öz tarixi köklərinə bağlılığı dayanır.
  Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında bir çox vacib və önəmli məsələlərlə yanaşı, gənc nəslin milli ruhda böyüməsinə geniş toxundu. Bu məsələdə ailənin və təhsilin rolunu xüsusilə qeyd edib.
  Ölkə başçısı bildrib ki, gənclər ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar: “Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Ənənələrimiz bunu diktə edir və eyni zamanda bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur. Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır”.

İdeoloji müstəvidə Azərbaycana qarşı təbliğatın  davam etdiyini vurğulayan siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, 30 illik erməni işğalına son qoyulsa da, Azərbaycanın mübarizəsi davam edir. Onun sözlərinə görə, Azərbaycan xalqı heç vaxt ölkəmizin xarici güclərin döyüş meydanına, təxribatçı fondların və QHT-lərin inqilab ssenariləri qurduğu poliqona çevrilməsinə imkan verməz: 

 “Əminliklə deyə bilərik ki, bundan sonra da Azərbaycan xalqı, xüsusilə gənclərimiz xarici qrupların siyasi alətinə çevrilməyəcək və heç bir təxribatçı siyasi təşkilatın ölkəmizdə sabitliyi pozmasına imkan verməyəcək, heç vaxt fitnələrə uymayacaq.  Biz bunun baş verməməsinə çalışmalıyıq və öz milli ruhumuzu, ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Prezidentin də qeyd etdiyi kimi, bu gün Ermənistan ciddi-cəhdlə çalışır, müəyyən addımlar atır. Gənc nəslin Qarabağı unutması, gənc nəslin ideoloji baxımdan zəiflədilməsi, milli ruhun sıradan çıxarılması üçün çox ciddi addımlar atılır və bu istiqamətdə davamlı olaraq təxribatlar müşahidə olunur. Çalışmalıyıq ki, bu proseslərin qarşısını maksimum dərəcədə alaq, nəticədə gələcəkdə özümüzü ideoloji və zərərli təbliğatdan qoruyaq”.
  
A.Həsrətin sözlərinə görə, Cənab Prezident bütün dövrlərdə ölkənin gənclər siyasətinin önündə gedib. O, özü şəxsən gənclərə örnək olub, onlarla bir sırada addımlayıb: 
“Ölkə başçısı iştirak etdiyi bütün tədbirlərdə 44 günlük Vətən müharibəsində gənclərin göstərdiyi igidlikdən, onların vətənpərvərlik ruhunda böyüdülməsindən söz açır. Qeyd edir ki, müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gənci Vətəni qorumaq missiyasını qanı, canı bahasına yerinə yetirib. Ümumiyyətlə, ölkəmizdə gənclər siyasəti daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərimizin rolu danılmazdır. Tarixi inkişaf yolumuzun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi oluruq. Bütün dövrlərdə gənclərin fəaliyyəti dövlətimizin tərəqqisinə öz töhfəsini verib. Burada da ailənin və məktəbin danılmaz rolu var. Biz çalışmalıyıq ki, hər iki institutun rolunu gücləndirək. Əgər valideynlərdə milli ruh, tərbiyə varsa, onlar da bunu götürərək özlərini inkişaf etdirirlər. Hazırda dünyada gedən proseslərə baxanda ən böyük məsuliyyətin məhz məktəbin üzərinə düşdüyünü görürük. Yəni bu gün məktəb bu funksiyanı uğurla yerinə yetirməlidir”.