İctimai nəqliyyatda gediş haqları ilə bağlı ilin sonuna qədər radikal dəyişikliklər olacaq. Bu haqda “Sherg.az”a məlumat verən yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev qeyd etdi ki, ictimai nəqliyyatda ümumi (bir səfər – bir gediş haqqı) kartlar əvəzinə, günlük, aylıq, illik gediş paketləri sisteminin tətbiqinə az qalıb. Bununla bağlı hökumətə təkliflər təqdim edilib və ilin sonuna qədər təsdiqlənməsi gözlənilir:
- İctimai nəqliyyatda, sərnişindaşımada dinamik qiymət siyasəti, diferensiallaşma - məsafəyə görə gediş haqqı, günlük, həftəlik, aylıq və illik gediş paketlərinin tətbiqi zəruridir. Bu, zamanla müzakirə olunan mövzudur. Amma bunun tətbiqi üçün “Brutto müqavilələr”ə keçid olmalıdır. Nədir “Brutto müqavilələr”, dünyanın bir sıra ölkələrində ictimai nəqliyyatın daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli - “Publik xidmət müqavilələri (Brutto müqavilə)” modelidir. Bu model hər kilometrə görə təyin edilən ödəniş sistemidir. Bu model tətbiq edilirsə, ictimai nəqliyyatda planlı yığım (sürücünün plana işləməsi, plan verməyə çalışması, daşıyıcı şirkətlərin daha çox sərnişin, daha çox plan, qazanc əsasında çalışması) aradan qalxır. “Brutto müqavilələr” standartı tətbiq edilirsə, dövlət hər kilometrə görə daşıyıcı şirkətlərə subsidiya ayırır, bununla da daşıyıcı şirkətlərin maliyyə dayanıqlığı təmin olunur, daha sonra da müxtəlif növ bilet paketləri formalaşdırılır. Günlük, aylıq, illik paketlər, gediş kartları. Həmçinin bir nəqliyyat növündən digərinə pulsuz keçidlər təmin edilir. Bu da ictimai nəqliyyatı daha cəlbedici edə bilər. Qeyd etdiyiniz tələbi qarşılamaq üçün “Brutto müqavilələr”ə keçid olmalıdır. Məndə olan məlumata görə, hökumətə təqdim edilib, düşünürəm ki, ilin sonuna qədər təsdiqlənər.
Avtobus və metroda gediş haqqının çevik və differensional olması lazımdır. Biz uzun illərdir ki, nəqliyyat sektorunda məhz belə yanaşma təklif edirdik. Ölkədə nədənsə, avtobus və metroda gediş haqqı kimi birdəfəlik bilet qiyməti əsas götürülür. Qiymət birdəfəlik istifadə üçün müəyyənləşdirilir. Bu, çox ziyanlı yanaşmadır”.
Qeyd edək ki, həftəlik, aylıq, hətta illik gediş paketləri bir çox ölkələrdə tətbiq edilir, ictimai nəqliyyatdan mütəmadi, davamlı istifadə edənlər bununla nəzərəçarpan güzəştlər, ödənişlərdə endirimlər əldə edirlər. Adi gediş kartı ilə hər gün 2-3 dəfə ictimai nəqliyyatdan istifadə edən sərnişin həftədə orta hesabla 15 manat sərf edirsə, aylıq paket almaqla ən azından 5-6 manata qənaət etmiş olur. Belə yanaşma əlbəttə ki, insanları ictimai nəqliyyatdan istifadəyə təşviq edir. Bu cür güzəştli paketlər xüsusən məktəblilər və onları məktəbə aparıb gətirən valideynlərə, eləcə də tələbələrə hava-su kimi lazımdır. “Brutto müqavilələr” sisteminə keçid həm də ona görə vacibdir ki, ictimai nəqliyyatda 1-2 dayanacaqlıq məsafə qət edənlə, 6-7 və ya 10 dayanacaqlıq məsafə qət edən sərnişinin gediş haqqında fərq olsun. Necə ola bilər ki, 2 dayanacaqlıq məsafə gedən də 50 qəpik gediş haqqı ödəsin, 10 dayanacaqlıq məsafə qət edən də?!.
Bu barədə iqtisadçı Natiq Cəfərli də fikirlərini açıqlayıb və bildirib ki, illərdir dinamik qiymət təklifi ilə çıxış edilsə də, bir nəticə olmurdu, lakin Azərbaycan Dəmir Yolları bilet qiymətlərinə beynəlxalq təcrübədə olan yanaşma tədbiq etməyə başlayıb artıq:
- Nəhayət ki, sərnişindaşıma nəqliyyatının, heç olmasa bir növündə dinamik qiymət siyasətinə keçid baş verir. Ümid edək ki, Dəmir Yollarının tətbiq etdiyi yeni yanaşmadan digərləri də dərs çıxarıb geridəqalmış qiymət siyasətlərini dəyişəcəklər.
Qeyd edək ki, “Brutto müqavilələr”ə keçid məsələsi 2 il əvvəl Nazirlər Kabinetində müzakirə edilib. Bakıda effektli nəqliyyat sisteminin qurulması istiqamətində iş aparıldığı açıqlanaraq bunun “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapdığı bildirilib. Sənəddə qeyd edilib ki, hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər və İqtisadiyyat Nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi, yolların buraxılış imkanlarının artırılması üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli olan “Publik xidmət müqavilələri (Brutto müqavilə)” modelinə keçid konsepsiyası hazırlanıb. Yeni modelin tətbiqi sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə müşayiət ediləcək.
Ümid edək ki, mütəxəssislərin də dediyi kimi, yaxın zamanda ictimai nəqliyyatda köklü islahatlar, nəhayət ki, baş verəcək.