Elnur Rüstəmov: Cəmiyyətdə aqressiya və zorakılıq artmaqdadır

Bakıda dəhşətli cinayət törədilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.
Yardımlı rayon sakinləri, 2004-cü il təvəllüdlü Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.
Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.
Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və prokurorluğa təhvil verilib.

Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Sherg.az”a deyib ki, baş verən hadisə bir daha onu göstərir ki, cəmiyyətdə aqressiya və zorakılıq artmaqdadır:

 "Aqressiyanın artmasının bir neçə əsas psixoloji, sosial səbəbi var. İlk növbədə, cəmiyyətdə artan stress və təzyiq insanlarda emosional sabitsizlik yaradır. Bundan başqa, uşaqlıqda yaşanılan travmatik hadisələr, valideyn və uşaq arasında ünsiyyət çatışmazlığı, onlara qarşı tətbiq edilən zorakı tərbiyə metodları da aqressiyanın dərinləşməsinə səbəb ola bilər. Müasir dövrdə valideyn-övlad münasibətlərinə təsir göstərən ən böyük faktorlardan biri texnologiyadır. Sosial media, internet, və texnoloji vasitələr insanlar arasındakı canlı ünsiyyəti azaldıb. Valideynlər və övladlar arasında emosional əlaqə zəifləyib, bir-birinə zaman ayırma və ünsiyyət qurmaq daha da çətinləşib. Valideynlər bəzən uşaqlara öz duyğularını ifadə etməkdə çətinlik çəkir. Nəticədə uşaqda emosional dəstək çatışmazlığı yaranır. Digər tərəfdən, müasir cəmiyyətdə valideynlərin uşaqlardan yüksək gözləntiləri və təzyiqləri də onlar arasında konfliktlərə səbəb olur.
Aqressiyanın qarşısını almaq üçün ilk növbədə emosional maarifləndirmə çox önəmlidir. Valideynlər öz emosiyalarını idarə etməyi öyrənməli, övladları ilə empatiya qurmağı bacarmalıdırlar. Ünsiyyət bacarıqları öyrədilməli, uşaqlara duyğularını ifadə etmək üçün daha rahat bir mühit təmin edilməlidir. Həmçinin, valideynlər uşaqların problemlərini dinləməli, onların fikirlərinə hörmətlə yanaşmalı, tənqid etmək əvəzinə, dəstək verməyə çalışmalıdırlar. Övladlarla keyfiyyətli vaxt keçirmək, onlara sevgi və diqqət göstərmək də bu istiqamətdə müsbət təsir edər. 
Əlbəttə, hər bir cəmiyyətin sosial və psixoloji təməlini gücləndirərək belə neqativ hadisələrin sayını azaltmaq mümkündür. Bunu etmək üçün məktəblərdə,ailələrdə psixoloji maarifləndirmə proqramları həyata keçirilməli, uşaqlara emosional, sosial bacarıqlar öyrədilməlidir. Valideynlər və müəllimlər psixologiya və uşaq inkişafı haqqında məlumatlı olmalı, uşaqlarla sağlam münasibətlər qurmaq üçün lazımi biliklərə sahib olmalıdırlar. Bu cür addımlar gənclərdə aqressiv davranışların azalmasına və cəmiyyətin daha sağlam bir formaya gəlməsinə kömək edə bilər".