Asəf Quliyev: Ağdamda görülən işləri ağdamlı kimi yüksək qiymətləndirirəm

Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür. Bu  tarix xalqımız üçün qürur günüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Birdə bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu. Qeyd edək ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan olunub. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir.
Ağdamda milli-mədəni irsin bərpası istiqamətində də layihələr həyata keçirilir. Ağdam Cümə məscidində, eləcə də Pənahəli xanın sarayı və İmarət kompleksi ərazisində əsaslı bərpa-quruculuq işləri görülür. 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Ağdam şəhərindən olan araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, sözsüz ki, 4 il ərzində Ağdamda görülən işlər fundamentaldır:

“Ağdamdakı tikinti-quruculuq işləri hər bir xırda detal nəzərə alınmaqla, bünövrəli şəkildə aparılır. Çünki gələcəkdə heç bir düzəlişə ehtiyac olmasın. Bu mənada orada görülən işlər çox gözəldir. Məndə Azərbaycan vətəndaşı, xüsusilə də ağdamlı kimi görülən işləri yüksək qiymətləndirirəm. Həmçinin Ağdamla bağlı təqdim olunan layihələrdə göstərilir ki, klassik Avropa şəhəri tikmək istəyirlər. Ancaq çox istəyərdim ki, Ağdamın ruhunu özünə qaytaracaq üslubda tiksinlər. Ola bilər ki, çox gözəl, modern və hər bir şəraiti olan şəhər tikilsin. Lakin Ağdamın ruhu olmayacaqsa, tək məni deyil, bütün ağdamlıları narahat edən məsələdir. Sadəcə bəzi nüasnlar var ki, onları mütləq nəzərə almaq lazımdır. Cəmiyyətə təqdim olunan ilkin layihə çərçivəsindəmi, yoxsa layihədə hər hansı dəyişiklik edildiyini bilmirəm. Ağdamın ilk layihəsində Qarabağ Universiteti var idi. Artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyətdədir. Yaxşı olardı ki, dəyişiklik barədə ictimaiətə məlumat verilərdi. İnsanlar fikirləşir ki, 4 ildi köçürülmə baş tutmayıb. Ancaq görülən işlərlə tanış olanda bilirsən ki, Ağdamda işlər tez tələsik görülmür. Hər xırda nüans nəzərə alınır. Ona görə də işlərin belə ləng getməsi normaldır. Narahat olmağa dəyməz. Eybi yox yarım il gec olar, ancaq hər xırda detalın nəzərə alınması bizlər üçün müsbət haldır”.