Ayıbdır, vallah...  - Samir Şərifov baltanı kökündən vurub

Cərimələrin mənimsənilməsi faktları varsa, mütləq araşdırılmalıdır 

“DYP-də belə bir problemin yaşandığını zənn etmirəm, lakin AYNA publik şəxs olduğu üçün ödənilən cərimələrin birbaşa dövlət büdcəsinə daxil olmaması mümkündür”


  Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək: "Biz bu prosesə nəzarəti gücləndirəcəyik".
  İqtisadçı-ekspert Fuad İbrahimli “Sherg.az"a açıqlamasında deyib ki, əgər doğrudan da belə faktlar varsa, bu, qəbuledilməz bir haldır. Vətəndaşın ödədiyi cərimələr əgər birbaşa dövlət büdcəsinə daxil olmursa, demək, ödəndiyi hesabda qalır:

 "Bu hesablara isə müvafiq qurumlar nəzarət edir. Məsələn, ən çox cərimələr AYNA və Dövlət Yol Polisi tərəfindən yazılır. DYP-də belə bir problemin yaşandığını zənn etmirəm, lakin AYNA publik şəxs olduğu üçün ödənilən cərimələrin birbaşa dövlət büdcəsinə daxil olmaması mümkündür. Əgər doğrudan da dövlət orqanlarında belə bir faktlar varsa, mütləq araşdırılmalı və  həmin vəsaitlər dövlət büdcəsinə qaytarılmalıdır. Sözsüz ki, köçürülən vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyi ciddi müzakirə predmetidir”.
  F.İbrahimlinin sözlərinə görə, internet əsrində, bütün qurumların rəqəmsallaşdığı bir dövrdə bu cür problemin olması həddindən artıq absurd və gülünc bir məsələdir. Ayıbdır vallah, belə bir problem varsa, aidiyyəti qurumları yığıb iclas keçirin, problemi daxildə həll edin. Bu, parlament səviyyəsində müzakirə ediləcək məsələ deyil. Cərimələrin mənimsənilməsi ilə bağlı şübhələr varsa, görün indi  müxtəlif təyinatlar üzrə ayrılan vəsaitlərlə neyləməzlər?!"