"Huma quşu" fondu  xeyriyyə gecəsi keçirdi - FOTOLAR

"Huma quşu" Təhsilə Yardım Fondu Beynəlxalq Muğam Mərkəzində xeyriyyə gecəsi keçirib.

"Sherg.az" xəbər verir ki, “Huma quşu: xeyirxahlıq və cəsarət bələdçisi" adlı tədbirdə Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, diplomatik korpus nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən ali və orta məktəblərinin rəhbərləri,  fondun dəstəyi ilə ali və ixtisas təhsilini davam etdirən qazilər, magistr və tələbələr, fondun dostları, təəssübkeşləri və media təmsilçiləri iştirak ediblər.
Tədbir rəsm əsərlərindən ibarət sərgi ilə açılıb, iştirakçılar bir arada  xatirə fotosu çəkdiriblər. Təqdim olunan əsərlərin satışı da həyata keçirilib. Rəsm əsərlərinin satışından əldə olunan vəsait fondun maliyyə hesabına keçiriləçəyi bildirilib. 


Xeyriyyə tədbirdə çıxış edən Huma Quşu Fondunun prezidenti Şəhla Vəzirova fondun yaranma tarixi barəsində iştirakçılara məlumat verib , fondun son illərdə gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı danışıb. Fondun yarandığın gündən indiyə qədər gördüyü işlər barədə hesabat xarakterli çıxış edən  Şəhla Vəzirova növbəti illərdə nəzərdə tutulan layihələr, təqaüd proqramları haqqında məlumat verib. O, bilet və rəsmlərin satışından əldə edilən vəsaitin 25 faizinin "Huma quşu"nun ianə fonduna köçürüləcəyini və aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf olunaçağını  bildirib, tədbirin təşkilatçılarına və tamaşaçılara minnətdarlığını çatdırıb. 



Tədbir Humay Quliyevanın sevə- sevə dinlədiyi caz ustası Salman Qəmbərov və “Bakustic Jazz” qrupunun, eləcə də, xüsusi qonaqlar İlhamə Qasımova və Rövşən Qəhrəmanovun konsert proqramı ilə davam edib.
Xatırladaq ki, Fond Humay Quliyevanın xatirəsini və onun üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədilə yaradılıb, sayı 7-ə çatmış proqram çərçivəsində 30-a yaxın qazi və tələbənin təhsilinə dəstək verib. Fondun fəaliyyəti hesabatlılıq və şəffaflıq məqsədilə veb-səhifə, Facebook, Instaqram, Linkedin, Youtube kanalları, online ianə hesabatı, Fondun veb-səhifəsi, e-mail və sms göndərişlərlə təmin olunub.