Kərə yağının bu qədər bahalaşması təbii prosesdir - EKSPERT

Çünki ölkəmiz kərə yağı ilə daxili tələbatı öz istehsalımız hesabına ödəmək gücündə deyil

Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb. Marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10 faiz civarındadır. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan "Belarus" kərə yağı hazırda 23,95 manata qalxıb. Müqayisə üçün bildirək ki, sentyabrda "Belarus" kərə yağının bir kiloqramı 18,49 manat idi. Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib. 

Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.
Ekspertlər hesab edir ki, Azərbaycanda kərə yağının qiymətinin son dövrlərdə kəskin artması həm yerli istehsal, həm də idxal bazarındakı dəyişikliklərə bağlı bir neçə səbəbdən irəli gəlir.
İqtisadçı Fuad İbrahimlinin “Sherg.az”a açıqlamasına görə, kərə yağının idxaldan asılılığı da qiymət artmasını şərtləndirən amillərdəndir: “Son aylar ölkəyə idxal olunan bütün ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Kərə yağı isə ölkəyə idxal olunan ərzaq məhsulları sırasında ən mühüm məhsul növünü təşkil edir. Çünki ölkəmiz kərə yağı ilə daxili tələbatı öz istehsalımız hesabına ödəmək gücündə deyil və kərə yağı ölkəyə idxal olunmasa, daxili bazarda tələbi ödəmək mümkün deyil. Kərə yağı bütün dünya bazarlarında bir neçə müddətdir ki, bahalaşmaqdadır. Yəni qiymətlər qalxır və bu da adekvat olaraq təbii ki, bizim daxili bazarda özünü göstərir.
Azərbaycanda il ərzində 42 min ton kərə yağı istifadə olunur. 65 faizi və ya 27 min tonu yerli istehsalın payına düşür. 2024-cü il üçün 6-7 min tonluq ixrac riski yaranır. Bu o deməkdir ki, ölkədə istehsal olunan yağın 20 faizdən artıq bir hissəsi ixraca yönəlir. Deməli, əvvəlki illərlə müqayisədə idxaldan asılılıq artıb. Dünya bazarında məhsulun bahalaşması idxal olunan malların da bahalaşmasına gətirib çıxarır”.
Ekspert hesab edir ki, kərə yağının qiyməti hələ bir müddət də bahalaşmağa davam edəcək. 
İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki,  Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbindən süd məhsulları bahalaşıb. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur: “Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Digər tərəfdən, onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir. Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə, bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.