Yeni il ərəfəsində bu məhsullarda fantastik qiymətlər müşahidə olunur -İqtisadçı

Yeni İlin gəlməsinə artıq bir neçə gün qalıb. Amma bayram ərəfəsində bazarlarda əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması səbəbi ilə qiymətlərin də artdığı müşahidə olunur.


İqtisadçı-ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki,  Azərbaycan iqtisadiyyatında, xüsusilə də qida məhsullarının qiymət məsələsi son bir neçə il ərzində cütrəqəmli inflyasiya indeksi qeydə alınmağa başlayıb:

“Bunun daxili və xarici faktorları mövcuddur. Azərbaycana bir çox qida məhsulları  və istehsal olunan məhsulların inqridentləri xaricdən gətirilir. Bu isə öz maya dəyərinə təsir göstərir. Eyni zamanda, bayram ərəfəsində isə bilirik ki, tələb təklifi formalaşdırdığı üçün bazarda hansı məhsullara tələbat çoxdursa, həmin məhsulların qiymətlərində bahalaşma müşahidə edilir. Xüsusilə Yeni il ərəfəsində qida, ərzaq məhsulları, oyuncaq, dekorativ hədiyyə məmulatları, eyni zamanda otel, restoran və iaşə obyektlərində fantastik qiymətlər müşahidə olunur. Qiymətlər ağlasığmaz dərəcədə baha olduqda vətəndaşın cibinə, büdcəsinə, öz təsirini göstərir. Bu günlərdə, bəzi şeylərə tələb olsa da, amma bir sıra məsələlər də var ki, dövlət tərəfindən tənzimlənsə daha yaxşı olar. Təklif edirəm ki, bacardığımız qədər ölkədə daxili istehsala keçməliyik, ya da ki, Ümumdünya Ticarət Təşkilatına üzv olaraq bildirməliyik ki, biz məhsul istehsal edə bilmirik. Ümumdünya Ticarət Təşkilatına üzv olmağımız o deməkdir ki, yerli məhsullar sıradan çıxacaq. Çünki bazara daha ucuz məhsullar daxil olmağa başlayacaq”.