Şagirdlərin məzarlıqdakı qeyri-etik davranışları onların adət-ənənələri bilməməsindən irəli gəlir -RƏY

Valideynlərin günahıdır

“Bunları böyüklər kiçiklərə təlqin etməlidir. Əgər ailənin böyükləri kiçikləri nə vaxtsa yanında məzarlığa aparmayıbsa, orada necə davranılmalı olduğunu əyani olaraq göstərməyibsə, əlbəttə, uşaqlar bu haqda heç nə bilməyəcək, məzarlığa əyləncə yeri kimi baxacaqlar”

Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə, görüntülər yayılıb. Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək”. 

Təhsil eksperti Elçin Süleymanov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, şagirdlərin asudə vaxtlarında və ümumiyyətlə, məktəbə gedərkən, istərsə də məktəbdən qayıdarkən davranışlarının məktəb tərəfindən tənzimlənməsi təbii ki, çətindir, burada valideyn dövrəyə daxil olmalıdır:
- Valideyn övladlarının məktəbdən kənar davranışları, asudə vaxtını harada, necə keçirdiyi ilə maraqlanmalıdır. Bütün problemlər nəzarətsizlikdən, plansızlıqdan, boşluqdan yaranır. Valideynlər məişət problemləri, iş səbəbindən övladlarına lazımi diqqət göstərə bilmir. Ciddi nəzarət edə bilmirlər. Yuxarı sinif şagirdlərini imtahanlara hazırlıq müəyyən qədər məşğul edir. Daha aşağı siniflərdə nəzarətsizlik zərərli vərdişlərə səbəb olur. 

E.Süleymanov bildirdi ki, şagirdlərin məzarlıqdakı qeyri-etik davranışları onların adət-ənənələri bilməməsindən irəli gəlir: 
- Bu da valideynlərin günahıdır. Xalqımızın əsrlərdir qorunan adət-ənənələri var. Onlardan biri də rəhmətə getmiş insanların ruhuna hörmətlə yanaşmaqdır. Məzarlıqlarla bağlı konkret qayda-qanunlar var. Orada uca səslə danışılmaz, gülüş səsləri olmamalıdır, cismi məzarda uyuyan şəxslərə hörmət əlaməti olaraq sükuta, sakitliyə riayət etmək, kim bilirsə, ölmüşlərin ruhuna dua oxumaq, qəbirlərin üzərini təmizləmək, ehtiram göstərmək bu qaydalara daxildir. Bunlar bizim mentalitetimizə daxil olan qaydalardır. Bunları böyüklər kiçiklərə təlqin etməlidir. Əgər ailənin böyükləri kiçikləri nə vaxtsa yanında məzarlığa aparmayıbsa, orada necə davranılmalı olduğunu əyani olaraq göstərməyibsə, əlbəttə, uşaqlar bu haqda heç nə bilməyəcək, məzarlığa əyləncə yeri kimi baxacaqlar.  Adət-ənənələr, mentalitet qaydaları, ictimai davranış qaydaları davamlı şəkildə uşaqlara aşılanmalıdır. Sözlə deyil, davranış vasitəsilə təlqin edilməlidir. Valideyn qeyri-etik davranışlar sərgiləyirsə, adət-ənənələrə məhəl qoymursa, aqressiya nümayiş etdirirsə, uşaq da onu özünə model olaraq götürür.  İndi sosial şəbəkələr, smart telefonlar valideynləri kifayət qədər məşğul edir, övladlara nəzarət imkanlarını azaldır, onlara lazımi qədər vaxt ayıra, diqqət göstərə bilmir, asudə vaxtın səmərəli bölünməsini də təşkil edə bilmirlər. Yaxşı olar ki, valideynlər övladlarını idmana, musiqi və incəsənətə marağını artırsın və bu cür məşğələlərə yönləndirsinlər. Valideynlər övladlarına qarşı daha həssas, diqqətli olmalıdır. Kitab oxumağa, mütaliəyə həvəsləndirsinlər. Övladları ilə bərabər gəzintilər mənfi davranışların aradan qalxmasına kömək edər.