Ekspert: Narkotikin təsiri altında avtomobil idarə edənlər ciddi nəzarətə götürülməlidir

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən xəbərə görə, yol hərəkəti qaydasını pozduğu üçün "Volkwagen" markalı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.


Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edilməsi ilə bağlı əvvəllər qanunvericilikdə müəyyən boşluqlar var idi:

“Sonradan artıq bu qanun dəyişildi. Əvvəlki qanunda spirtli içkinin təsiri altında avtomobil idarə etməklə, narkotik vasitənin təsiri altında avtomobil idarə etməyin cəzası eyni götürülürdü. Amma bu düzgün deyildi. Biz də buna dəfələrlə münasibət bildirmişik, fikirlərimizi açıqlamışıq ki, düzgün deyil. Narkoman olmaq bir xəstəlikdir. Spirtli içki isə təsadüfən bir məclisdə içilə bilər. Amma narkotik elə bir haldır ki, həmin  adam, onun xəstəsidir və asılıdır. O adam narkotik qəbul etməsə, dayana bilmir. Lakin elə şəxslərə sürücülük hüququnu məhdudlaşdırmaq kimi yüngül cəzalar verilir. Amma hesab edirəm ki, bu da yüngül cəzadır. Çünki bir çox ölkələrdə narkotiklə bağlı mübarizə tədbirləri daha da güclənib və narkotikin təsiri altında avtomobil idarə edən şəxsləri dərhal ciddi nəzarətə götürürlər. Belə insanların sürücülük hüququnu dərhal məhdudlaşdırırlar, hətta avtomobilini belə müsadirə edirlər. Çünki bu adam yeni potensial təhlükə mənbəyidir, kiminsə həyatına qəsd edə bilər. Azərbaycanda, yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericilikdə kifayət qədər yüngül cəza mexanizmi tətbiq edilir. Bu sahədə vəziyyət heç ürəkaçan deyil. Çox böyük təhlükə ilə üz üzəyik. Təəssüflər olsun ki, qonşu İran Azərbaycana gecə gündüz narkotik ötürür. Bu yolla cəmiyyətimizi məhv etməklə məşğuldur və qarşısına qoyduğu əsas məsələ odur ki, Azərbaycanda narkomaniyanı, yaysın və onun gücünə xələl gətirsin. Ona görə də bütün cəmiyyətimizi ayıq, sayıq olmağa və belə əməllərdən uzaq olmağa çağırıram. Bu, birinci növbədə onların öz sağlamlığına ziyandır. İkinci növbədə isə kimisə sevindirmiş olacaqlar. İran hazırda bu işlərlə məşğuldur. Ona görə Azərbaycanda narkomaniyanın yayılmasında, sükan arxasında narkotik vasitələrin təsiri altında olan insanların sayının çoxalmasında İranın çox böyük rolu var”.