Amil Xəlilin fikirləri üzərindən region söhbəti etmək düzgün deyil - SOSİOLOQ

"Əyalətdən Bakıya oxumağa gəlib ciddi təhsil alan, zəhmətlə yaşayan minlərlə qız var"

“Space” TV-də yayınlanan “Gəl, danış” verilişinin aparıcısı Amil Xəlilin fikirləri cəmiyyətimizi yenə də çoxqütblüyə ayırdı. Dəstəkləyənlər, dəstəkləməyənlər, haqlı çıxarnalar, tənqid edənlər hər kəs öz şəxsi mövqeyini, fikrini, düşüncəsini irəli sürür. Nə deyib Amil Xəlil. Baxaq:

“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!” Aparıcının bu fikrini hətta qadınlara qarşı diskriminasiya, ayrı-seçkilik kimi qəbul edənlər də var. Və Audiovizual Şura aparıcının bu fikirlərini efirdən bəyan etdiyinə görə telekanalın yayımını bir neçə saatlıq dayandırıb. Yenə də, Şuranın qərarını tənqid edənlər, razılaşmayanlarla yanaşı, “əhsən” deyənlər də oldu.  

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında Amil Xəlilin ola bilsin fikrini o qədər də dəqiq, korrekt çatdıra bilmədiyini söylədi:

- Sosial şəbəkələrdə açılmış müzakirələri gözdən keçirdim. Əvvəla, burada şəhər, region söhbəti etmək düzgün deyil. İkinci tərəfdən, bəli, regionlarda fəaliyyət göstərən ali məktəbləri öz təbirlərincə bəyənməyib ancaq Bakıdakı ali təhsil müəssisələrinə can atanlar var. İstər oğlanlar olsun, istər qızlar, hər iki cinsə bu aiddir. Əlbəttə, insan seçimində azaddır. Xüsusən də gənclərə seçim azadlığı verilməlidir. Bu, onların hüququdur. Onu da deyim ki, regionlarda fəaliyyət göstərən ali məktəblər paytaxtdakılardan heç də geri qalmır. Regionlarda ali təhsilli mütəxəssislərə çox ehtiyac var. Əgər gənclərimiz regionlarda ali təhsil alsalar, orada ali təhsilli mütəxəssis olaraq çalışmağa başlasalar, kadr ehtiyacı duyulmaz. Hesab edirəm ki, tənqid regiondan gələn bütün tələbələrə, yaxud da gənclərin niyə məhz paytaxta gəliməsinə deyil, konkret davranış tərzinə yönəlib. Əyalətdən Bakıya oxumağa gəlib ciddi təhsil alan, zəhmətlə yaşayan minlərlə qız var. Lakin aparıcının söylədiyi fikirlər hazırda cəmiyyətimizdə mövcud olan ciddi bir problemi – bəzilərinin davranış tərzinin milli dəyərlərimizə uyğun olmaması problemini qabardır. Hesab edirəm ki, bu, kifayət qədər aktual problemdir və cəmiyyətin diqqətini çəkəcək səviyyədədir. Bu məsələni insan hüquqları, gender bərabərsizliyi, qadınlara qarşı zorakılıq, basqı kimi qəbul etmək lazım deyil. Aparıcının söylədiyi fikirlərdə həqiqət var. Cəmiyyətimiz bu problemin haradan qaynaqlandığını araşdırmalıdır. Müxtəlif fikirlilik yaxşıdır, lakin o zamankı müxtəlif fikirlər birləşib yekun nəticə ortaya çıxarır və hər hansı problemin həllinə kömək etmiş olur.