“Büdcə layihəsinə əsasən İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5% çoxdur”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15% çoxdur:
“Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 51,9 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat proqnozlaşdırılır.
Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 28,1 milyon manat çoxdur. Ümumilikdə 2026-cı ildə İSF vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir”,- nazir bildirib.