"Artıq iki gündür ki, “Azəriqaz”ın smart-kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə "kartrt boşdur” mesajı ilə qarşılaşıblar.
Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub. Yəni Azəriqaz-ın backend sistemi ödənilmiş vəsaiti smart-karta yaza bilməyib".
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Milli İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib.
Onun sözlərinə görə, ödəniş sistemlərinin sahibləri və terminallar da problemin “Azəriqaz”dan qaynaqlandığını bildiriblər. Buna baxmayaraq, “Azəriqaz” ilkin mərhələdə məsuliyyəti terminalların üzərinə atırdı:
"İndi isə “Azəriqaz” açıqlama verib və faktiki olaraq sistemin özlərində çökdüyünü etiraf edib.
Məlum olub ki, smart-kart tipli qaz sayğaclarında 31 dekabrda yaranan texniki nasazlıq 1 yanvarda “guya” aradan qaldırılsa da, kütləvi müraciətlər zamanı sistem yenidən çöküb. Bu cür bəsit və sayğısız açıqlama “Azəriqaz”da həm idarəetmə, həm də rəqəmsallaşma sahəsində ciddi problemlərin olduğunu göstərir.
Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, “Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu vəziyyət yolverilməzdir".
O. Gündüz sonda bir daha xatırlatma verir: Hökumət illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılacağını elan etmişdi. Ötən ilin avqustunda “Vahid Kommunal Xidmətlər” sisteminin yaradılması ilə bağlı Prezident fərmanı da olmuşdu. Amma artıq təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı.
Xatırladıram ki, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır: Azəriqaz gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin WhatsApp-la göndərilməsini istəyirlər, bir dəfə də mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu iddia edilir və s".
Ekspert hesab edir ki, ümumilikdə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin - xidmətin təqdim edilməsinin, billing sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün -təbii inhisarçının əlində cəmləşməsindədir:
"Eyni zamanda xatırladıram ki, ötən il, daha doğrusu 2024-ün sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzalanmışdı. Bütün bunlara baxmayaraq, “Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi təəssüf doğurur.
Artıq üçüncü gündür davam edən bu problem bir daha göstərdi ki, ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqlar qalmaqdadır".