Binaların idarə olunmasında sakinlərin səsi əsasdır - Ekspert açıqladı

İlqar Hüseynli: “Bina sakinləri MMC yaradıb, hər qəpiyin hesabatını tələb etməlidir”

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən, “Akkord” binaları kimi tanınan yaşayış kompleksinin sakinləri binanı idarə edəən şəxsin – komendantın fəaliyyətindən narazıdır. Bu barədə Bakupost.az-da məlumat verilir. Bildirilir ki, vətəndaşların iddialarına görə, ödədikləri kommunal xidmət pullarının hara xərcləndiyi barədə onlara heç bir məlumat verilmir. Sakinlərdən biri bildirib ki, hər ay onlardan 25-30 min manat aralığında vəsait yığılmasına baxmayaraq, kompleksdə xidmət səviyyəsi qənaətbəxş deyil: "Kommunal ödənişləri yığırlar, amma əraziyə baxılmır. Liftlər bərbad vəziyyətdədir. Qarajın qiyməti də artırılıb". Digər vətəndaş isə üçüncü binada liftin, ümumiyyətlə, olmadığını söyləyib: "Belə vəziyyətdən bezmişəm, bunların əlindən infarkt keçirmişəm".Məsələ ilə bağlı binanın komendantı Anar Məmmədov BakuTV-yə müsahibəsində qeyd edib ki, yığılan vəsaitin hesabatı vətəndaşlara təqdim olunmalı deyil: "Toplanan pulların hesabatını bu kompleksi mənə həvalə edən şirkətə təqdim edirəm. Sakinlərə bu barədə məlumat vermək borcum yoxdur". Bu cür hallar bir çox yaşayış binalarında baş verir. Sakinlərdən kommunal ödənişlər adı altında hər ay pul toplanır, amma nəticə görünmür. Binara hər hansı problem yarandıqda sakinlər yenə də öz vəsaitləri hesabına aradan qaldırmalı olurlar. Bəs sakinlərdən toplanan pullar hara, kimə, nəyə xərclənir?  

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, MTK-lar binanı tikib vətəndaşlara təqdim etdikdən sonra 40 gün müddətində həmin MTK-nın ləğv olunması və müştərək mənzil cəmiyyətinin yaradılması prosesi baş verməlidir: 

- Sakinlər, binadan mənzil alanlar, orada məskunlaşmış vətəndaşlar fəal olmalıdır. Prosedur belədir: bina sakinlərinin ümumi yığıncağı keçirilir, yığıncaqda idarəedici qurum seçilir, hər blokdan 2 nəfər olmaq şərtilə. Müştərək Mənzil Cəmiyyətinin sədri sakinlər tərəfindən seçilir. Beləliklə binanın idarə olunmasında sakinlər birbaşa iştirak edir. Binanın idarəolunmasına MMC, idarəedici qurumun sədri cavabdehlik daşıyır. Toplanan vəsaitlərin xərcələnməsi də sakinlərin iştirakı ilə həyata keçirilir. O komendant düz demir. Vətəndaşlardan yığılan vəsaitin hər qəpiyinin hesabatını sakinlərə təqdim etməlidir. Bu, özbaşınalqıdır. Nazirlər Kabinetinin kommunal xərclərlə bağlı müəyyənləşdirdiyi tariflər var. Mənzilin hər kvadrat metrinə görə 30 qəpik. Ola bilər özəl binalarda məbləğ artıq olsun. Çünki xidmətlər müxtəlif ola bilər. Lift xidməti, işıqlandırma sistemi, həyət, yaşıllıq sahəsi varsa, ona qulluq və sair. Bu məbləğin təyini də sakinlərdən asıldıır. Əgər sakinlər qərar versə ki 30 qəpik yox, 50 qəpikdən hesablansın, yenə də onların qərarı olacaq. Yaşayış binalarında icmalaşma baş verməlidir. Nə qədər ki icmalaşma baş verməyib, özbaşınalıq davam edəcək. Sakinlər Ədliyyə Nazirliyinə müraciət edib MMC-ni qeydiyyatdan keçirməli və binalarını özləri idarə etməlidir.