- Çoxuşaqlı ailələr üçün yeni dövr başlayır. 5 uşaq şərti 3-ə endirilə bilər
Azərbaycanda uşaqlı ailələrə dövlət dəstəyinin artırılması ilə bağlı yeni qərarlar uşaqpulunun bərpası məsələsini yenidən gündəmə gətirib. Gələn ildən doğulan uşağa görə birdəfəlik müavinətin 1500 manata çatdırılması, üç yaşınadək uşağa qulluğa görə aylıq müavinətin isə 100 manat olması nəzərdə tutulur. Bununla belə, bütün uşaqlara aylıq uşaqpulunun verilməsi məsələsi 2027-ci ilin dövlət büdcəsi layihəsində yer almayıb.
İqtisadçı Əkrəm Həsənov da yaxın illərdə belə bir qərarın qəbul olunacağını gözləmir. O, uşaqpulunun tətbiqinin dövlət büdcəsi üçün ciddi maliyyə yükü yaradacağını bildirib: “Uşaqpulu”nun verilməsi ilə bağlı ehtimal gələn il üçün dəqiq yoxdur. Çünki 2027-ci il üzrə dövlət büdcəsi layihəsi müzakirə olunur və bu məsələ qoyulmayıb. Növbəti illərdə də belə bir şey gözləmirəm”. “Uşaqpulu”nun verilməsi xeyli vəsait tələb edir. Yeni doğulan uşağa verilən müavinət başqadır. Bu, az pul tələb edir, həm də yeni doğulan uşaqların da sayı ildən-ilə azalır. Bu həmçinin ona görədir ki, daha çox uşaq doğulsun, amma mövcud uşaqlara verilməsi xeyli vəsait tələb edir. Biz də görürük ki, dövlət büdcəsində vəsait ildən-ilə azalır. Bu il dövlət büdcəsi kəsirlədir. Gələn il bundan daha yuxarı kəsirlə olacaq. Ölkədə iqtisadi inkişaf da yoxdur. Bunu da artıq etiraf ediblər ki, artım yoxdur. Belə bir halda kəskin vergi artırmadan bunu etmək qeyri-mümkündür. Bu baxımdan da “uşaqpulu”nun verilməsini gözləmirəm”.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, gələn ildən uşaqlı ailələrə dövlət dəstəyi daha da gücləndiriləcək. Onun sözlərinə görə, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği 600 manatdan 1500 manata çatdırılacaq. Eyni zamanda, üç yaşınadək uşağa qulluğa görə ödənilən aylıq müavinət üç dəfə artırılaraq 100 manata yüksəldiləcək.
Deputat qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində uşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər nəzərdə tutulub. Belə ki, bu ailələrə verilən müavinətlərin əhatə dairəsi genişləndirilir. Xüsusilə ünvanlı dövlət sosial yardımının əhatəsinin artırılması daha çox uşaqlı ailənin birbaşa dövlət dəstəyindən yararlanmasına imkan verəcək.
Vüqar Bayramovun sözlərinə görə, Əmək və sosial siyasət komitəsinin gündəmə gətirdiyi təkliflərdən biri də çoxuşaqlı ailə anlayışına yenidən baxılması və bu kateqoriyaya aid uşaqların say həddinin beşdən üçə endirilməsidir:
“Hal-hazırda 5-dən çox uşağı olan ailələrə aylıq müavinət ödənilir. Bizim təklifimiz ondan ibarətdir ki, bu üçə qədər endirilsin və üç və daha çox uşağı olan ailələr dövlət büdcəsindən aylıq müavinət almaq imkanına malik olsunlar. Belə ki, 5 və daha çox uşağı olan ailələr beş il tez pensiyaya çıxırlar, altı və daha çox uşağı olan ailələr isə aylıq müavinət alırlar. Ona görə biz bu bu güzəştlərin üç və daha çox uşaqlı olan ailələrə şamil edilməsini təklif edirik və düşünün ki, mərhələli şəkildə çoxuşaqlı ailə anlayışına baxılması və dəyişdirilməsi bütünlükdə daha çox uşaqlı ailələrin dövlət büdcəsindən birbaşa müavinət almasına gətirib çıxara bilər”.