"Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, amma mənzillərinə qayıdan sakinlərin problemləri də həllini tapmalıdır"
Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər. Bu barədə ARB TV-də süjet efirə verilib. Vətəndaşlar bildirib ki, onların mənzilində bu illər ərzində məcburi köçkün ailəsi məskunlaşıb. Mənzilin sakini Həqiqət Musayeva deyib ki, borc səbəbindən hazırda mənzildə elektrik enerjisi yoxdur: "Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram". İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub: "Evə baxın, balkonda bir "kamaz" zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi". Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev elektrik enerjisinə görə onlara ayrılan limitdən artıq istifadə edib. Məsələ ilə bağlı "Azərişıq" ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: "Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdİyev barəsində məhkəməyə müraciət edilib".
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məsələ ilə bağlı “Sherg.az”a açıqlamasında bildirdi ki, Ermənistanın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımız çox ağır şərtlər altında illərlə müxtəlif məkanlarda, ərazilərdə, bəziləri çadırlarda, vaqonlarda, bəziləri yataqxanalarda müvəqqəti məskunlaşdılar, eləcə də Bakıda, digər şəhərlərdə boş olan mənzillərə yerləşənlər də oldu:
- Hətta o zaman prezident Heydər Əliyev tapşırmışdı ki, heç bir məcburi köçkün məskunlaşdığı mənzildən çıxarılmasın. Məcburi köçkünlərə bir neçə il kommunal ödənişlərdə güzəştlər də tətbiq edildi. İndi şükür Allaha torpaqlarımız işğaldan azad olunub, sabiq məcburi köçkünlər də doğma yurdlarına qayıdır. Lakin görürük ki onların tərk etdiyi və ya məhkəmə qərarı ilə hüquqi sahibinə qaytarılan mənzillərlə bağlı bir sra problemlər yaranır. Mübahisəli məsələlər yalnız məhkəmə yoluyla həllini tapmalıdır. Sübut olunmalıdır ki mənzildə kimlər yaşayıb, kommunal xidmətlərdən kimlər istifadə edib. Maraqlıdır, necə olub ki bu qədər borc toplanıb və borc silinməyib. Bu məsələdə “Azərişıq” mövqeyini ortaya qoymalıdır. Güzəşt olubsa, nə ədərdir, limit hansı ölçüdədir, bunu çıxmaq şərti ilə ya ödəniş edilməlidir, istifadəçi tərəfindən, ya da brc silinməli və mənzilin hazırkı sakinlərinə yenidən limit tətbiq edilməli və yeni hesablama başlamalıdır. Ev sahibi də məhkəməyə müraciət edib dəymiş ziyanın ödənməsini tələb edə bilər. Ya həmin ailə ödəməlidir, ya da Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, amma mənzillərinə qayıdan sakinlərin problemləri də həllini tapmalıdır.