Böyük Britaniyada çörək, makaron və kekslərə fol turşusu əlavə ediləcək

Böyük Britaniyada 13 dekabr 2026-cı ildən etibarən buğda unlarının böyük hissəsinə fol turşusu əlavə edilməsi məcburi olacaq. Qərarın əsas məqsədi körpələrdə spina bifida kimi anadangəlmə qüsurların yaranma riskini azaltmaqdır.

Sherg.az xəbər verir ki, yeni qaydaya əsasən, ölkədə istehsal olunan və satılan ağ və qəhvəyi buğda unlarına hər 100 qram üçün 0,25 milliqram fol turşusu əlavə ediləcək. Bu dəyişiklik həmin undan hazırlanan çörək, makaron, keks və digər un məmulatlarına da şamil olunacaq.

Tam buğda unu, qlütensiz məhsullar və kiçik müstəqil dəyirmanlarda istehsal edilən unlar isə yeni tələbdən istisna tutulacaq.

Qərarın əsas məqsədi xüsusilə planlaşdırılmamış hamiləliklər zamanı körpələrdə yarana bilən sinir borusu qüsurlarının, o cümlədən spina bifidanın qarşısını almaqdır. Bu qüsurlar hamiləliyin ilk dörd həftəsində, qadın hələ hamilə olduğunu bilmədiyi dövrdə inkişaf edə bilər.

Fol turşusu B9 vitamininin sintetik formasıdır. Onun təbii forması olan folat isə əsasən yaşıl yarpaqlı tərəvəzlərdə, paxlalılarda və sitrus meyvələrində mövcuddur.

Mütəxəssislər qida məhsullarının zənginləşdirilməsində sintetik fol turşusuna üstünlük verirlər. Çünki təbii folat istiliyə həssasdır və bişirmə zamanı parçalanır. Sintetik fol turşusu isə yüksək temperaturadavamlı olduğundan çörək və makaron kimi gündəlik qidalar vasitəsilə orqanizmə lazımi miqdarda B9 vitamini çatdırmağa imkan verir.