Erkən nikahlar ailənin təməlini dağıdır

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 
XXI əsrdə qız uşaqları hələ də təhsildən məhrum edilir
Mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır
 
Baş verən hadisələr göstərir ki, erkən nikah mövzusu hələ də gündəmin ən aktual sosial problemlərindən biri olaraq qalmaqdadır. Bu məsələ təkcə ailələrin şəxsi seçimi kimi qəbul edilə bilməz, çünki burada söhbət azyaşlıların hüquqlarının pozulmasından, onların sağlam gələcəyinə ciddi təhlükələrin yaranmasından gedir. Erkən evlilik, ilk növbədə, qızların təhsil imkanlarını məhdudlaşdırır, onları yarımçıq qalmış bir həyat hekayəsinə məhkum edir. Cəmiyyətin inkişafı savadlı, sağlam, müstəqil qərar verə bilən gənclərə bağlı olduğu halda, azyaşlıların ailə həyatına sürüklənməsi gələcək üçün mənfi nəticələr doğurur.
Məsələ yalnız fərdi həyat taleləri ilə məhdudlaşmır. Erkən nikahların nəticəsində formalaşan sosial problemlər, qeyri-sabit ailələr, erkən boşanmalar, sağlamlıqla bağlı ağır fəsadlar, uşaq hüquqlarının pozulması, bütövlükdə dövlətin sosial yükünü artırır. Digər tərəfdən, bu hallara göz yumulması cəmiyyətin mənəvi dəyərlərinə də ziddir. Çünki azyaşlı qızların uşaqlığını əlindən almaq, onları vaxtsız həyat məsuliyyətinə məcbur etmək heç bir ənənə və ya bəhanə ilə izah oluna bilməz.
Bu baxımdan, dövlətin son illərdə atdığı addımlar - qanunvericilikdə dəyişikliklər, valideynlərin və erkən nikaha şərait yaradan obyektlərin məsuliyyətə cəlb edilməsi  mühüm əhəmiyyət daşıyır. Artıq erkən nikah hallarının təkcə ictimai qınaqla deyil, inzibati və hüquqi mexanizmlərlə də qarşısı alınır. Belə tədbirlər həm maarifləndirici, həm də preventiv xarakter daşıyır. Valideynlər anlamalıdırlar ki, övladlarını erkən evliliyə sürükləməklə onların xoşbəxt gələcəyini təmin etmirlər, əksinə, həyatlarını çətinliklərlə dolu bir yola məhkum edirlər.
Bütün bunlar göstərir ki, erkən nikah problemi yalnız hüquqi müstəvidə yox, həm də ictimai şüurda köklü dəyişiklik tələb edir. İnsanlar dərk etməlidirlər ki, qız uşaqlarının təhsili, onların azad seçim hüququ və sağlam inkişafı bütövlükdə ölkənin gələcəyinə verilən ən böyük töhfədir. Erkən nikahların qarşısının alınması isə təkcə dövlət qurumlarının yox, hər bir vətəndaşın, xüsusilə də valideynlərin üzərinə düşən məsuliyyətdir.
Qeyd edək ki, bu günlərdə Zərdab rayonunda erkən nikah halının qarşısı alınıb. Hadisə "Natiq" şadlıq sarayında qeydə alınıb. Məlumata görə, məclisin keçirilməsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra məsələ aidiyyəti qurumların diqqətinə çatdırılıb və araşdırmalara başlanılıb.
Aparılan yoxlamalar zamanı məlum olub ki, bəyin 32, gəlinin isə cəmi 17 yaşı var. Hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb, onlara bu cür halların qanunvericiliklə qadağan olunduğu izah edilib. Nəticədə məclisin keçirilməsi təxirə salınıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, valideynlər 1000 manat, tədbirin keçirilməsinə şərait yaradan şadlıq sarayının sahibi isə 1500 manat məbləğində cərimə edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, şadlıq sarayının sahibi barəsində inzibati qaydada protokol tərtib olunub.
Qeyd edək ki, 1 iyuldan qüvvəyə minən qanunvericilik dəyişikliklərinə əsasən, erkən nikah və qohum evliliyi hallarının qarşısının alınması daha sərt şəkildə tənzimlənəcək. Bu addım gənclərin sağlam gələcəyi, ailə institutunun möhkəmlənməsi və bütövlükdə cəmiyyətin rifahı üçün mühüm əhəmiyyət daşıyır.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Sherg.az-a açıqlamasında deyib ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: 
“XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”. 
N.Cəfəroğlu qeyd edib ki, cəmiyyət özü buna qınaq etməlidir. Cəmiyyət bilməlidir ki, erkən nikah, əslində, ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır:
 “Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.