
Gəl, gəl, məktəb avtobusları! -Bir avtobus min problemi həll edə bilər
Bu sistemin tətbiqi təhsilin gələcəyini dəyişəcək
Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı ilkin layihə hazırlanır. Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdə tutulur. Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilot olaraq tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən ilkin layihə hazırlanır”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə ay əvvəl jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, növbəti tədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır.
“Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki, bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımından dizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıq məktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır. Bu, əhalinin, tıxacın daha çox olduğu yerlərdə təşkil ediləcək”, – deyə nazir əlavə etmişdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq bir təşəbbüsdür:

"Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsir göstərəcək: şagirdlərin təhlükəsizliyi, yol hərəkətində intizamın artırılması, nəqliyyat sıxlığının azaldılması, valideynlər üçün əlavə rahatlıq və ekoloji faydalar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həm şagirdlərin rifahına, həm də şəhər infrastrukturunun daha səmərəli işləməsinə xidmət edir".
K.Əsədov vurğulayıb ki, məktəb avtobusları, ilk növbədə, şagirdlərin təhlükəsizliyini təmin edir:
"Xüsusilə ibtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə edərkən müəyyən risklərlə qarşılaşa bilərlər. Piyada keçidlərində qəza ehtimalı, şəhər nəqliyyatında sıxlıq və xaos, eləcə də valideynlərin daim övladlarının yol təhlükəsizliyi ilə bağlı narahatlığı məktəb avtobuslarının əhəmiyyətini artırır. Avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən və təcrübəli sürücülər tərəfindən idarə olunduğundan, şagirdlərin evdən məktəbə və məktəbdən evə təhlükəsiz şəkildə çatdırılması təmin edilir".
Ekspertin fikrincə, məktəb avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatındakı tıxacları azaltmağa kömək edəcək:
"Hazırda Bakı və digər iri şəhərlərdə səhər saatlarında və dərs bitdikdən sonra yollarda ciddi sıxlıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi ilə bu yük azalacaq, yollar daha az yüklənəcək və nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq və piyadaların təhlükəsizliyini artıracaq. Məktəb avtobuslarının başqa bir üstünlüyü valideynlər üçün əlavə rahatlıq yaratmasıdır. Hazırda bir çox valideyn iş saatlarına uyğun olaraq övladlarını məktəbə aparmaq və gətirmək üçün ciddi vaxt itkisi ilə qarşılaşır. Xüsusilə səhər saatlarında həm işə, həm də məktəbə yetişmək üçün sıxlıqla mübarizə aparmaq çətinlik yaradır. Məktəb avtobusları bu problemi həll edərək valideynlərə gündəlik planlamalarını daha rahat tənzimləmək imkanı verəcək. Eyni zamanda, yanacaq və nəqliyyat xərclərinin azalması da ailə büdcəsinə müsbət təsir edəcək.
Ekoloji baxımdan məktəb avtobuslarının istifadəsi böyük üstünlüklər təmin edir. Şəhər daxilində fərdi avtomobillərin çox olması təkcə tıxac yaratmır, həm də havanın çirklənməsinə səbəb olur. Şəxsi avtomobillərlə müqayisədə məktəb avtobusları daha çox şagirdi eyni vaxtda daşıdığı üçün karbon qazı emissiyasını azaldır və ekoloji tarazlığı qoruyur. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələrdə tətbiq edilir və şəhər ekosisteminin qorunmasına töhfə verir”.
Məktəb avtobuslarının tətbiqinin dünya təcrübəsində geniş yayılmış bir sistem olduğunu xatırladan K.Əsədov qeyd edib ki, təhsil sahəsində böyük uğurlar qazanan ölkələr bu modeli uzun illərdir tətbiq edir:
“Azərbaycanda bu sistemin tətbiqi üçün bəzi hüquqi və infrastruktur məsələlərinin həlli vacibdir. Avtobus marşrutlarının müəyyən edilməsi, sürücülərin xüsusi hazırlıq keçməsi, avtobus dayanacaqlarının təhlükəsiz və rahat şəkildə yerləşdirilməsi və avtobusların müasir tələblərə uyğun şəkildə təchiz olunması mühüm amillərdir. Bundan əlavə, valideynlərin bu sistemə inteqrasiyası üçün maarifləndirmə işləri aparılmalı, məktəb avtobuslarının istifadəsinin üstünlükləri geniş izah edilməlidir. Məktəb avtobuslarının tətbiqi təhsil sisteminə də müsbət təsir göstərəcək. Şagirdlərin məktəbə vaxtında və nizamlı şəkildə gəlməsi onların dərsə davamiyyətini artıracaq, gecikmələrin və intizamsızlığın azalmasına səbəb olacaq. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir edəcək və məktəb intizamını daha sistemli hala gətirəcək. Əlavə olaraq, məktəb avtobusları xüsusilə rayon və kənd yerlərində yaşayan şagirdlər üçün böyük rahatlıq yaradacaq. Uzaq məsafələrə piyada və ya çətin nəqliyyat şərtləri ilə gedən şagirdlər üçün bu sistem daha əlçatan təhsil imkanları yaradacaq. Bütün bu müsbət təsirləri nəzərə alaraq, məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində inqilabi bir addım olacaq. Əgər bu sistem uğurla tətbiq edilərsə, həm şagirdlərin təhlükəsizliyi təmin ediləcək, həm də şəhər infrastrukturunda müsbət dəyişikliklər baş verəcək. Azərbaycanın təhsil strategiyasının bir hissəsi kimi məktəb avtobuslarının geniş tətbiqi ölkənin gələcək inkişafına töhfə verəcək və təhsil prosesini daha rahat, təhlükəsiz və effektiv hala gətirəcək. Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində bu istiqamətdə təhlillər aparılacaq, ehtiyaclar müəyyən olunacaq və ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün "məktəb avtobusları"ndan istifadə olunması təmin ediləcək".