Mənzil-istismar idarələrinin ləğvi illərdir gündəmə gəlsə də, hələ də bu qurumlar fəaliyyətlərini davam etdirir. Buna, fəaliyyət demək mümkünsə. Ümumiyyətlə, hazırda şəhər təsərrüfatına cavabdeh bir neçə qurum var, amma hansının nə işə baxdığı konkret bilinmir. Bir-birini təkrarlayan qurumların fəaliyyətində gözə çarpan məsuliyyətdən yaxa qurtarmaq, vəzifə bölgüsündə qarışıqlıq, cavabdehliyin bir-birinə ötürülməsidir. Bələdiyyələrsə bu qarışıqlıqda hələ də oyundan kənar vəziyyətdə qalmış bir idarəetmə sistemidir.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gedişlə yaxın zamanda “JEK”lərin ləğvini gözləməyinə dəyməz:
- Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüslə çıxış edib. Belə ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, indiki “JEK”(MKİS)-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi (MMC) yaradılacaq.
Əslində 2010-cu ildən qüvvədə olan Mənzil Məcəlləsində “JEK”lərin fəaliyyəti ilə bağlı hər hansı məqamın qanunvericiliyə salınmaması bu strukturu sanki havadan asılı vəziyyətdə saxlayırdı. Və bu gün faktiki olaraq Bakı şəhərində fəaliyyətdə olan 200-dən artıq “JEK”-in hələ də köhnə qaydalarla çalışması, bu sahədə hər hansı yeniliyin belə tətbiq edilməməsinə bu qərarla sanki son qoyulmuş oldu. Hər kəs bu strukturun ümumiyyətlə ləğv edilərək bələdiyyələyə verilcəyini gözləsə də əksinə oldu.
Fikrimcə, bu sahənin bütünlüklə bələdiyyələrin səlahiyyətinə verilməsi daha səmərəli addım olardı. Bir tərəfdən bələdiyyələrin seçicilər qarşısında məsuliyyət hissini artlrmış olardı, digər tərəfdən kifayət qədər büdcə vəsaitlərinə qənaət edilmiş olardı, nəhayət bu sahədə indiyədək mövcud olmayan şəffaflıq prinsipləri qorunmuş olardı. Bu günədək “zibil” pulu kimi əhalidən yığılan vəsaitin hesabatının verilməməsi, bu prosesdə, ümumiyyətlə, onlayn ödəmə sistemninin hələ də tətbiq edilməməsi yalnız təəssüf doğurur. Əslində hər kəs yaxşı bilir ki, bu gün “JEK”-lərin əsas fəaliyyəti şəhərin təmizliyini təmin etməklə yanaşı, həmdə paytaxtda aparılan “qanunsuz” tikintilərə qarşı mübarizədə canlı qüvvə kimi istifadə edilməsindən ibarət olub. Qərarın necə icra olunacağını görmək üçün isə bizə yalnız gözləmək qalır.