Vətəndaşlar qənaətcil mənzillərə üstünlük verəcək
Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq. Bu, Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsində göstərilən reklam qurğuları və həmin məcəllədə göstərilən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq. Pasportlaşdırma bu qanun qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil edilməyəcək. Qeyd edilir ki, qüvvədə olan Qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları əksini tapıb və həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması vətəndaşa nə kimi üstünlük verəcək. Bələdiyyələrin Fəlaiyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, ölkəmizdə bina və qurğuların enerji pasportlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”ı ilə tənzimlənir. Bu Qaydalara əsasən, bina və qurğunun enerji pasportu - mövcud olan bina və qurğuların, həmçinin bina və qurğuların və onların qoruyucu konstruksiyalarının layihələrinin enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəddir. Qaydalara görə, bina və qurğular elə layihələndirilib tikilməlidir ki, onların istismarı zamanı enerji resurslarının səmərəli istifadəsi təmin olunsun. Binaların və qurğuların enerji pasportu enerji səmərəliliyinin xüsusi istilik göstəricisinin binanın qoruyucu konstruksiyalarının istilik mühafizə və xüsusi xarakteristikasının tikinti normaları ilə təyin olunmuş göstəricilərə uyğunluğunun təsdiq edilməsi üçün nəzərdə tutulub:
- Enerji pasportu vətəndaşa yaşadığı və ya istifadə etdiyi binanı tanıdır, binanın istehlak etdiyi enerjinin miqdarı, növü, ətraf mühitə atılan tullantılarla bağlı məlumat verir, enerji üzrə səmərəli bina ilə səmərəsiz bina arasındakı fərqi göstərir. Hazırda dünyada tətbiq olunan enerji pasportlarında bina haqqında, məsələn, belə məlumatlar olur: binanın modeli, enerji sərfi sinfi, sərfiyyat hansı dərəcədədir, hansı kateqoriyaya aiddir, karbon qazı buraxılması nə qədərdir, alternativ və ya bərpa olunan enerji mənbələrindən istifadə varmı, isti su üzrə, binanın havalandırılması üzrə, qızdırılması, soyudulması üzrə enerji sərfi nə qədərdir, binanın işıqlandırılması ayrıca göstərilir, və sair. Bina haqqında sakinə ətraflı məlumat verilir. Vətəndaş mənzil, ev alarkən bu göstəricilərə baxır və özü üçün uyğun görürsə əmlaka sahib olur. İndi enerji sərfiyyatının böyük həcmi yaşayış binalarının üzərinə düşür. Bu amil nəzərə alınaraq bundan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq. Enerji effektivliyini təmin etmək üçün tikinti layihəsi mərhələsində enerji sərfiyyatının hesablanması vacibdir. Bu hesablamalara əsasən, binalara enerji sinfi təyin edilir və bu göstəricilər enerji effektivliyi pasportunda əks olunur. Enerji effektivliyi pasportunun qiyməti binanın tipi və sahəsindən asılı olaraq müəyyənləşdiriləcək. Bina sahəsi artdıqca, hər kvadratmetrə düşən qiymət nisbətən azalır. Vətəndaşlar bundan sonra mənzil alarkən və ya daşınmaz əmlak icarəyə götürərkən onun enerji sinfinə xüsusi diqqət yetirməli olacaqlar. Çalışacaqlar ki, enerji baxımından qənaətli binalarda mənzillərə sahib olsunlar. Bu, eyni zamanda tikinti şirkətlərini də enerjiyə qənaətli binalar tikməyə sövq edəcək. Nazirlər Kabinetinin məlum qərarı ilə binaların enerji effektivliyinin hesablanması qaydaları təsdiq edilib. Binalar bir sıra parametrlər nəzərə alınır, məsələn, binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə, havanüfuzetmə qabiliyyəti, nəmlənmədən mühafizəsi, mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası, daxili iqlim şərtləri, təbii və mexaniki havalandırma sistemləri, işıqlandırma sistemləri, bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə. Bu kimi maillər binanın keyfiyyət göstəriciləri hesab ediləcək. Vətəndaş da buna uyğun qərar verəcək, hansı binada mənzilə sahib olsun, o bina təhlükəsizlik baxımından uyğundurmu, enerji sərfiyyatı qənaətcildirmi. Ola bilər hansı binanın enerji sərfiyytə alternativ enerji mənbələri hesabına əldə edilsin. Müasir tələblər indi belədir. Bu cür binalara tələbat da getdikcə artacaq.