Çoxmərtəbəli yaşayış binalarında kommunal xidmət haqqının toplanması binanın komendantı tərəfindən icra olunur. Lakin sakinlər daim narazılıq edirlər ki, yığılan pulun hara, necə xərcləndiyini bilmirlər, komendantlar onlara bu barədə məlumat vermir.
Ümumiyyətlə məlumat verməkdən boyun qaçıran, bunu özünə vəzifə bilməyən komendantlar da var. Bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki “Akkord” binaları kimi tanınan yaşayış kompleksinin sakinləri elə bununla bağlı narazılıqlarını bildirmişdilər. Komendatlıq “üsuli-idarəsi” niyə mövcuddur və nəyə xidmət edir? Onu da qeyd edək ki, yaxın zamanda komendantlıqların ləğv ediləcəyi xəbəri mediada yayılıb. Bildirilir ki, binanın komendantı kimi qeyri-rəsmi qurum ləğv edilməli, sakinlərin iştirakı ilə Mənzil-Müştərək Cəmiyyəti yaradılmalıdır.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda binaların idarə olunmasında iki qurum iştirak edir. Biri binanı tikən MTK-lar, digəri isə Mənzil İstismaq Sahələridir:
- MİS-lər ömrünü başa vurmuş, amma hansısa naməlum səbəblərdən hələ də saxlanılan idarədir. Əsasən də sovet vaxtı tikilən yaşayış binalarının idarə olunmasına nəzarət edirlər. Əsasən də təmizlik işlərinə baxırlar. Küçələrin, parkların təmizliyinə hər inzibati rayonun kommunal təsərrüfatı idarələri baxır. Yeni yaşayış komplekslərində isə vəziyyət fərqlidir. Bina tikilib istifadəyə verilən kimi MTK rəhbəri ora komendant təyin edir. Komendantın vəzifəsi binanın mühafizəsini, kommunal problemləri həll etməkdir. Mühafizə sistemi quraşdırılır, binanın təmizliyi, işıqlandırılması, qaz, su, elektrik enerjisi ilə təminatı icra olunamlıdır. Buna görə sakinlərdən kommunal xidmət haqqı toplanır. Hər binada bu məbləğ müxtəlif ola bilər. Mənzillərin kvadraturasından asılı olaraq qiymət dəyişə bilər. Amma məsələ bundadır ki, komendant sakinlərə hesabat verməlidir. Sakin pul ödəyirsə, onun haera xərcləndiyini də bilməlidir. Əslində, komendantlıq idarə forması ləğv edilməlidir. Sakinlərin tam hüququ çatır ki, binanın idarə olunmasında iştirak etsinlər. Sakinlər özləri fəal olmalı, Mənzil-Müştərək Cəmiyyəti formalaşdırmalıdırlar. Cəmiyyətin İdarə Heyəti sakinlər arasından seçilmıəli və idarəetmədə birgə iştirak etməlidirlər. O zaman kommunal xidmət haqqının toplanmasına da, hara xərclənməsinə də sakinlər özləri nəzarət edəcək və hər hansı çatışmazlığı aradan qaldıracaqlar. Amma təəssüf ki sakinlər bu məsələdə aktiv olmur, fəallıq nümayiş etdirmirlər. Komendant da istədiyini edir, hökmran kimi davranır. Mənzil Məcəlləsinə görə, 2 və daha çox mənzildən ibarət bina çoxmənzilli bina sayılır və həmin bina özünüidarə təşkilatları tərəfindən idarə olunmalıdır. Bu da Mənzil-Müştərək Cəmiyyətidir. Sakinlər toplaşıb bu cəmiyyəti formalaşdırmalı, Ədliyyə Nazirliyinə qeydiyyata alınmaq üçün müraciət etməlidirlər. Bundan sonra klomendata daha ehtiyac qalmayacaq.