Narkotik terroru gənclərin “evini yıxacaq": Din xadimləri və ziyalılar təcili səngər qurmalıdırlar

Bəzi dövlətlər ölkəmizə zəhər göndərir, sərt mübarizə labüddür
Azərbaycan cəmiyyətinin təhlükəsizliyi və sağlam gələcəyi üçün ən ciddi təhdidlərdən biri narkotiklərin qanunsuz dövriyyəsidir. Bu bəla təkcə ayrı-ayrı şəxslərin taleyini məhv etmir, eyni zamanda dövlətin sosial sabitliyinə, milli təhlükəsizliyinə və gələcək nəslin sağlam inkişafına ağır zərbə vurur. Son illər Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ardıcıl əməliyyatlar göstərir ki, narkotik cinayətlərinə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil, bütövlükdə cəmiyyətin mənəvi təhlükəsizliyi məsələsidir.
Bakı şəhəri Qaradağ rayonu ərazisində 35 yaşlı Məhəmməd Quliyevin saxlanılması da bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat tədbirlərindən biridir. Onun İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi və ölkə daxilində dövriyyəyə buraxmaq istədiyi 7 kiloqrama yaxın marixuana və minlərlə psixotrop tərkibli həbin ələ keçirilməsi, narkonetvorkların beynəlxalq miqyasda fəaliyyət göstərdiyini bir daha üzə çıxarır.
Azərbaycan dövləti narkomaniya ilə mübarizəni kampaniya xarakterli, qısamüddətli addım kimi deyil, ardıcıl və kompleks siyasət kimi həyata keçirir. Prezident İlham Əliyevin təsdiqlədiyi “2025–2030-cu illər üçün Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizə üzrə Dövlət Proqramı” bu istiqamətdə atılmış mühüm strateji addımdır. Proqram çərçivəsində qarşıya qoyulan məqsəd təkcə narkotiklərin dövriyyəsini azaltmaq deyil, həm də maarifləndirmə, reabilitasiya və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi kimi çoxşaxəli tədbirləri əhatə edir.
Bu gün dövlət qurumları, ictimai təşkilatlar və media nümayəndələri üçün əsas vəzifə cəmiyyətin hər bir üzvünü bu təhlükəyə qarşı ayıq-sayıq olmağa çağırmaqdır. Çünki narkotiklərlə mübarizə yalnız polis əməliyyatları ilə deyil, həm də ailədən, məktəbdən, təhsildən və mədəni dəyərlərdən başlayan mənəvi səfərbərliklə mümkündür. Sağlam düşüncə, güclü dövlət və təhlükəsiz gələcək məhz bu birgə səylərin nəticəsində formalaşacaq.
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan da Sherg.az-a açıqlamasında narkotiklərin istifadəsinin böyük bəla olduğunu deyib. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi ölkəmizdə də bu bəlaya düçar olanlar çoxdur:
 “Baxmayaraq ki, din narkotik vasitələrin istifadəsini, alverini haram edir, amma təəssüf ki, bəzən din adı altında maskalanan bəzilərinin də bu mənfur əmələ mürtəkib olduğunun şahidi oluruq. Dövlətin güc strukturlarının səyləri nəticəsində xeyli sayda narkotik satan, gətirən zərərsizləşdirilir, həbs olunur. Lakin kökü yenə də kəsilmir. Bəzi xain dövlətlər var ki, o zəhəri ölkəmizə yollamaqda maraqlıdırlar. Vətəndaşlarımızı zəhərləməklə məkrli niyyətlərinə nail olmaq istəyirlər. Hesab edirəm ki, narkotiklərdən uzaq olmaq üçün, yaxud ona qarşı mübarizə üçün formal və havayı pul yeyən təşkilatlar və qurumlara düzəliş etmək lazımdır. Bəzi qurumlar, ictimai birliklər var ki, ürəkdən, ciddi təbliğat aparır, bu bəladan xilas yollarının tapılması üçün səylər göstərir. Lakin sanki bunlar azlıq təşkil edir və gücü çatmır. Ən əsası isə din xadimlərinə ciddi tapşırıq vermək lazımdır ki, məsciddə, xütbələrdə, moizələrdə, məclislərdə narkotik əleyhinə təbliğat aparsınlar. Yoxsa din xadimləri belə işlərdə də xalqın halına yanmayacaqsa, daha hansı gündə lazımdırlar? Din qəti şəkildə ağlı başdan alan, insana zərər verən şeyləri haram edir. Quranda qəti əmrlər var. Din böyük qüvvədir. Təsiri də böyükdür. Xalqımızın da böyük əksəriyyəti dinə inanır. Odur ki, güclü təbliğat getməlidir. Hesab edirəm ki, cəmiyyətin bütün təbəqələrini narkotiklə mübarizəyə cəlb etmək lazımdır. Həmçinin narkotiklərin satışı, gətirilməsi, saxlanılması, hətta istifadəsi üçün nəzərdə tutulan məsuliyyət tədbirləri sərtləşməlidir. Elə ölkələr var ki, orada narkotik satanları, gətirənləri edam edirlər. Orta məktəblərdə nəzarət ciddi olmalıdır. Bu saat orta məktəb uşaqlarının çoxu qəlyan, siqaret çəkir. Təbii ki, sonda da digər zərərli vərdişlərə keçid edənlər də olur. Odur ki, orta məktəblərdə də polis nəzarəti olmalıdır. Hesab edirəm ki, narkotik maddələrin satışı ilə məşğul olanlara qarşı hüquq-mühafizə orqanlarının daha sərt tədbirlər görməsi üçün əlavə səlahiyyətlərin verilməsi labüddür. Orta məktəblərdə, ali təhsil ocaqlarında, habelə digər yerlərdə ciddi xəbərdarlıqlar verilməlidir”.
T.İrfanın sözlərinə görə, narkotik terror kimi bir şeydir. Bir qrup insanı bomba ilə öldürməklə narkotiklə tədricən öldürmək arasında fərq yoxdur: 
“Yenə təkrar edirəm, bütün məscidlərdə davamlı təbliğat aparılmalıdır. İlahiyyatçılar, məscid imamları, din xadimləri, ziyalılar, ictimai xadimlər davamlı şəkildə sosial şəbəkələrdə, televiziya və mətbuatda maarifləndirmə apararaq narkotikin bəla olması haqda təbliğat aparmalıdırlar. Cəmiyyətin elə təbəqəsi var ki, din xadimini eşidir. Onlara din xadimi xitab etməlidir. Elə təbəqə var ki, onlar ziyalını eşidir. Onlara ziyalı xitab etməlidir. Elə təbəqə var ki, ağsaqqalları eşidir. Onlara da ağsaqqallar müraciət etməlidir. Beləcə, birlikdə bu bəladan xilas olmaq olar”.