Nəqliyyat mütəxəssisi: “Avtobus sürücüləri üçün normal şərait yaradılmalıdır”

İctimai nəqliyyatda stress və kobudluğun səbəbi uzun iş saatları və ailə qayğılarıdır

“Avtobus sürücüləri üçün son dayanacaqlarda təbii ehtiyacların ödənilməsi, ibadət və yemək üçün yerlərin yaradılması məsələsini həm rəsmi görüşlərdə, həm də yazılı müraciətlərdə dəfələrlə qaldırmışam. Təəssüf ki, hələlik bu istiqamətdə real dəyişiklik yoxdur”.

Sherg.az xəbər verir ki, bu fikirlər nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyevə məxsusdur. Mütəxəssis illərdir həllini gözləyən problemi gündəmə gətirib. İctimai nəqliyyat sürücülərinin fasiləsiz sükan arxasında olması gerçəklikdir. Ac, susuz, yorğun sürücülərin əsəbi, sterssi də bununla bağlı olur. Sərnişinlərlə kobud rəftara da yol verirlər. Bunun səbəblərindən biri və bəlkə də ən başlıcası insanın yorğun, bitkin olmasıdır. Sürücünün də ailəsi, məişət qayğıları var. Qayğı içində olan sürücüdən nəzakət, etika tələb etməyə nə dərəcədə haqqımız var, doğrusu, cavab verməkdə çətinlik çəkirik. 

R.Ağamirzəyev məhz bunları nəzərə alaraq son dayancaqlarda avtobus sürücüləri üçün lazımi şərait yaradılmalı olduğunu deyir: 

- Hər bir avtobus sürücüsünün insan kimi normal şəraitdə çalışmaq və ibadət etmək hüququ var. Sürücünün şəklini çəkib paylaşmazdan, onun haqqında şərhlər yazıb qınamazdan əvvəl, lütfən hansı şəraitdə işlədiyini düşünün. Fürsətdən istifadə edərək xahiş edirəm ki, bu məsələ nəhayət həll edilsin.