Parlamentari: Amnistiya Prezidentin humanist siyasətinin bariz nümunəsidir

Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış Amnistiya aktı dekabrın 19-da Milli Məclisdə qəbul edildikdən sonra icra mərhələsinə keçib. Hazırda amnistiyanın tətbiqi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Prosesin icrası cəzaların yüngülləşdirilməsi və azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan amnistiya məsələsi həm hüquqi, həm də ictimai aspektdən diqqət mərkəzindədir.

Millət vəkili, Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızı Sherg.az-a açıqlamasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünün ölkə başçısı Prezident İlham Əliyevin atdığı humanist addım olduğunu söyləyib:

"Sözsüz ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənib. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi qələbəsi idi. Bu baxımdan da humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyəti bir daha önə çəkilib". 

Deputat cəzadan azad olunacaq şəxslərin qanunlara əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdüyünü bildirib:

"Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir".

M.İbrahimqızı qeyd edib ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir:

"Bütün bunlar Azərbaycan dövlətinin hümanizm dəyərlərinə hər zaman sadiq olduğunu, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin etdiyini, həmçinin ölkəmizdə mənəvi amillərə verilən dəyərin bariz nümunəsidir".