Günün əsas hissəsini uşaq valideynin yanında olur, məktəbdə yox
“İdrak” liseyindəki məlum hadisədən sonra cəmiyyət yenə də “məktəbmi günahkardır, yoxsa valideyn” dilemması qarşısında qalıb. Mütəxəssislər hesab edir ki, burada dilemma yox, əslində trilemma – 3 faktor əsasdır: məktəb, ailə, cəmiyyət. Hər bir insan, o cümlədən uşaqlar, təkcə məktəb və ya ailənin deyil, həm də cəmiyyətin yetirməsidir. Bir uşaq yaşıdlarının quş yuvasını təpikləyib uçurduğunu, yaxud pişik balasını təpiklə vurduğunu, itlərə daş atdığını, həmyaşıdı, hətta özündən yaşca kiçik uşağı bıçaqladığını görürsə, şiddətə meyl edəcəyi ehtimalı böyükdür. Cəmiyyətdə mərhəmət, yardımlaşma, köməyə ehtiyacı olana əl uzatmaq faktları çox olduqca insanlar müsbət enerji ilə yüklənir və bu da cəmiyyətdə xoş əhval-ruhiyyə yaradır, xeyirxahlıq artır. Uşaqların tərbiyəsində iştirak edən faktorlara isə son 10-15 ildə bir də internet əlavə olunub. Sosial şəbəkələr, TikTok kimi rəqəmsal platformalarda hər cür məzmunlar paylaşılır və uşaqlar da onları izləyir. Burada isə məsuliyyət daha çox valideynlərin üzərindədir, çünki məhz onlar övladlarını smartfonlara, planşetlərə alışdırır. İrad tutduqda isə “neyləyək, telefonda oyunlara baxmaq istəyir, indi bütün uşaqlar belədir”, deyib özlərinə bəraət də qazandırırlar. Amma valideyn uşağın telefonda, kompüterdə nə izlədiyinə, nəyə baxdığına nəzarət edirmi? Böyük faizlə, xeyr. Bir qisim ola bilər. Valideynin özü də telefonu əlindən yerə qoymursa, daha necə nəzarət edəcək ki?!.
Pediatr Vaqif Qarayev də məhz bu problemi qabardıb. “Sherg.az”a açıqlamasında uşaqların aqressivləşməsinin səbəbini belə izah etdi:

- Bir neçə gün əvvəl xəbər yayıldı ki, 7 yaşlı uşağa 19 (!) bıçaq zərbəsi vurulub. Bıçaqlayan da uşaqdır. Deyilənə görə 12 yaşlı oğlandır. Bu, nə deməkdir? 12 yaşlı uşağın qarşısındakı kiçik yaşlı birisinə 19 bıçaq xərbəsi vurması üçün nə əsas, hansı səbəb ola bilər axı?!. Neyləyə bilər 6 yaşlı uşaq özündən 6 yaş böyük uşağa? Bilmirk, bəlkə vuranın psixi problemi olub. Bunu istintaq araşdıracaq. Biz isə “uşaqlar niyə bu qədər aqressiv olub son vaxtlar” sualı ətrafında düşünməliyik. Ailə tərbiyəsində problem varmı? Var! Mühit aqressivləşibmi? Bəli! Telefondakı aqressiv oyunlar uşaqların psixikasına təsir edirmi? Min dəfə bəli! Küçədə, parklarda uşaqların davranışı xoşagələn deyil. Əvvəl belə deyildi, indi niyə belə olub? Məktəbi qınayaqmı? Məncə, yox! Günün əsas hissəsini uşaq valideynin yanında olur, məktəbdə yox. Uşaqlar son illərdə çəkilən və yayımlanan seriallardan “bəhrələnir”. İnternetdəki zorakı məzunlu oyunlardan, videolardan, paylaşımlardan “bəhrələnir”. Uşağa telefon verməyin deyəndə, hamıdan eyni söz eşidirik- bacarmırıq. Niyə bacarmırsınız? Uşağa vaxt ayırın, onda bacararsınız.