Hazırda yerli bazarlarda pomidorun qiyməti kəllə-çarxa qalxıb. Hətta topdansatış qiyməti 4 manat 50 qəpiyə pomidor satılır.
Bu barədə “Sherg.az”a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov məlumat verib. Mütəxəssis qeyd edib ki, bir neçə bazarda apardığı müşahidələr zamanı pomidorun qiymətinin həddindən artıq yüksəldiyinə şahid olub:
- Pomidorun qiymət artımı ilə bağlı araşdırma apardım. Deməli, Meyvəli bazarda Pink sortu pomidorun qiyməti 3 manat 50 qəpikdir. Ən ucuzu budur. Digər sortlar – Fujimaru, Pink-paradays (çəhrayı pomidor sortu) topdansatış qiyməti 4 manat 50 qəpikdir. Təsəvvür etmək çətin deyil ki, topdansatış qiyməti 4 manat 50 qəpik olan pomidor marketlərdə, bazarlarda pərakəndə satış qiyməti daha da baha olacaq. 5, bəlkə də 6 manata satılacaq.
A.Salamov pomidorun qiymətinin yüksəlməsinə səbəb olan amilləri bu cür izah etdi: 
- Pomidorun qiymət artımını sadəcə “mövsüm deyil” arqumenti ilə izah etmək kifayət etmir. Çünki keçən aylar da, pomidorun mövsümü deyildi. Hazırkı vəziyyətdə qiymətə təsir edən əsas struktur amillər, birincisi, xarici bazara ixracdır. Pomidor əsasən Rusiya bazarlarına ixrac edilir. İstehsalçı üçün məhsulu daha yüksək qiymətə xaricə satmaq iqtisadi cəhətdən daha sərfəlidir. Əgər ixrac qiyməti daxili bazardan yüksəkdirsə, məhsulun əhəmiyyətli hissəsi xarici bazara yönəlir. Bu isə ölkə daxilində təklifin azalmasına səbəb olur. Təklif azalanda və tələb sabit qalanda (və ya artanda) qiymət yüksəlir. Yəni bu, klassik tələb–təklif mexanizmidir. İkinci amil, parniklərdə qaz limitinin aşılmasıdır. Qış və mövsümdənkənar dövrdə pomidor əsasən istixanalarda yetişdirilir. İstixanaların əsas xərclərindən biri təbii qazdır. Tətbiq olunan limit aşıldıqda isə məlumdur ki, tarif artır və enerji xərci də kəskin yüksəlir. Enerji xərci istixana məhsulunda maya dəyərinin böyük hissəsini təşkil edir. Qaz bahalaşdıqca istilik xərci artır, ümumi istehsal xərci yüksəlir, maya dəyəri artır, buna əsasən satış qiyməti də yuxarı qalxır. Yəni burada qiymət artımı birbaşa xərclərin artması ilə bağlıdır. Digər amil, marketlərin birbaşa parniklərdən alış etməsidir. Böyük market şəbəkələri məhsulu birbaşa istehsalçıdan alanda iki proses baş verir: topdansatış bazarı kənarda qalır, istehsalçı yüksək və stabil qiymət tələb edə bilir. Marketlər isə öz üzərinə logistika, itki və marja əlavə edərək son qiyməti formalaşdırır. Böyük alıcılar bazarda qiymət siqnalı yaradır. Əgər onlar yüksək alış qiymətinə razılaşırsa, bu, ümumi bazar qiymətini yuxarı istiqamətə “çəkir”.
Nəticədə əhali pomidora həsrət qalır.