- "Müstəqil ekspertlərin iştirakı ilə qazın laboratoriyalarda tərkibi yoxlanmalıdır"
İstanbuldakı daşqın Bakı sakinlərini haqlı olaraq təşvişə saldı. Yağışın özünə “çəki-düzən” verməyib normasını “aşdığı” zaman şəhərimizin nə hala düşdüyünü hamımız bilirik.
İstanbul kimi meqapolisdə yağış belə ağır fəsadlar yaradırsa, bu, bizdə də gözləniləndir. Çünki indiyədək dəfələrlə subasmalara şahid olmuşuq. Bəs şəhər buna nə dərəcədə hazırdır və ya hansısa qabaqlayıcı tədbirlər görülüb ötən müddətdə?
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Sherg.az-a açıqlamasında qeyd etdi ki, şəhər təsərrüfatı ilə bağlı Vətəndaş Cəmiyyəti İnstitutları monitorinqlər təşkil etməlidir:
- İstanbul kimi nəhəng bir şəhərdə sel fəlakətini təəssüflə, təəccüblə izləyirik. Ona görə təəccüblə ki, belə yağışlar fəlakətli təbiət hadisəsidir. Təbiətin amansızlıqları qarşısında insan nə qədər güclü olsa da, bəzən acız duruma düşür. Heç bir ölkə, şəhər belə sel fəlakətindən sığortalanmayıb. O baxımdan biz Bakı şəhəri haqqında düşünməliyik. Göydən yerə iki damcı yağış düşən kimi aləm bir-birinə qarışır. Ötən illərdə leysan yağışlar zamanı paytaxtın yollarında, keçidlərdə, müxtəlif tikililərdə baş vermiş acınacaqlı durumu yaxşı xatırlayırıq. Cavabdeh şəxslər, səlahiyyətli məmurlar bu məsələlərdə məsuliyyət daşıyırlar. Qabaqda qış gəlir. Düşünürəm ki, Vətəndaş Cəmiyyətinin, medianın nümayəndələri bu məqamlarla bağlı mütəmadi monitorinqlər təşkil edib hesabatlar hazırlamalıdır. Ötənilki acı təcrübələrdən nəticə çıxarmaq lazımdır. Hər il qış mövsümündə qazdan zəhərlənmələr baş verir. Bunu yalnız ehtiyatsızlıq kimi qələmə vermək düzgün deyil. Müstəqil ekspertlərin iştirakı ilə qazın laboratoriyalarda tərkibi yoxlanmalıdır. Neçə-neçə insanın həyatına son qoyan qaz zəhərlənmələri ilə bağlı problem ciddi araşdırılmalıdır. İstehlakçı hüquqları, ümumilikdə şəhər təsərrüfatı ilə bağlı Vətəndaş Cəmiyyəti İnstitutlarının rolunu və nəzarətini artırmaq lazımdır. Heç kim yaxasını kənara çəkməsin. Ona görə ki, biz eyni gəminin sakinləriyik.