“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan sosial işçi və layihə rəhbəri Günel Baxışova Fondun maliyyə dəstəyi ilə “Qələbənin digər üzü – Şəhid ailələri” adlı layihəni icra edir.
Sherg.az xəbər verir ki, layihənin əsas məqsədi şəhid ailələri ilə bağlı ictimai şüurun formalaşdırılması, gənclər arasında vətəndaş məsuliyyətinin və sosial empatiyanın gücləndirilməsi, eləcə də şəhid ailələrinə münasibətdə etik və sosial davranış modellərinin təşviq edilməsidir.
17 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında, 18 fevral 2026-cı il tarixində isə Mingəçevir Dövlət Universitetində və Mingəçevir Dövlət Turizm Kollecində konfrans-görüşlər keçirilib. Tədbirlər layihə rəhbərinin çıxışı ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Günel Baxışova layihənin məqsədi, mövzunun aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verib.
Konfrans-görüşlərdə ümumilikdə 75-dən çox gənc – əsasən sosial iş ixtisası üzrə təhsil alan tələbələr və şəhid ailə üzvləri iştirak edib.
Tədbirin əsas sessiyasında ekspert Nuriyyə Abbasova “Şəhid ailələrinin hüquqları” və “Şəhid ailələrinə göstərilən sosial xidmətlər” mövzularında çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb. Növbəti sessiyada layihə koordinatoru, ixtisasca psixoloq Məhəbbət Əmralızadə tələbələrlə “Şəhid ailələri ilə düzgün davranış qaydaları” mövzusunda interaktiv müzakirə keçirib və peşəkar davranış modelləri barədə geniş məlumat verib.
Tələbələr bu cür görüşlərin onlar üçün olduqca faydalı olduğunu bildirərək, tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayıblar və layihə rəhbərinə təşəkkür ediblər.
Sonda Günel Baxışova iştirakçı tələbələrə sertifikatlar təqdim edib, maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Gənclər Fonduna, təşkilati dəstəyə görə müvafiq təhsil müəssisələrinin rəhbərlərinə, təlimçilərə və iştirakçılara təşəkkürünü bildirib və tədbiri rəsmi olaraq bağlı elan edib.