Restoranlarda "çay pulu" qadağan olunmalıdır, turizmi məhv edir - EKSPERT

“Menyuda olmayan hər hansı bir xidmətə görə əlavə haqq almaq düzgün deyil. Təəssüf ki bizdə bu qayda hələ də mövcuddur. Restoran, kafelərdə müştərilərdən “çay pulu” götürülməsi ənənə halını alıb. Bizdə bu bəla inkişaf etməkdədir. Sahibkarlar, özəl sektor onlara tanınan toxunulmazlıq hüququndan sui-istifadə edirlər. İstehlakçı hüquqlarının pozulması normaya çevrilib. Çünki hər hansı qanun pozuntusu qarşısı alınmadıqda normaya çevrilir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi. AİB sədri qeyd etdi ki, servis xidmətinə müxtəlif ölkələrdə fərqli yanaşmalar mövcuddur: 

- Qardaş Türkiyədə restoran və kafelərdə servis haqqı, əlavə ödəniş – “çay pulu” alınması qadağan edilib artıq. Bu barədə bizə Türkiyədəki kolleqalarımız mılumat verib. Türkiyədə restoranlar, kafelər, şirniyyat dükanları və oxşar qida-içki xidməti göstərən müəssisələrin istehlakçılardan servis haqqı, masa haqqı və digər adlar altında əlavə ödəniş tələb etməsi qadağan olunub. Bu, çox əhəmiyyətli məsələdir. Əgər müştəri – istehlakçı menyudan əlavə daha nələrdənsə, məsələn deyək ki əyləşdiyi yerdə multimediadan və ya hər hansı dgər avadanlıqlardan istifadə imkanları varsa, bu, menyuda göstərilməlidir və qiyməti də qeyd olunmalıdır. Müştəri bilməlidir ki, əlavə imkanlardan istifadə etsə, nə qədər ödəniş edəcək. Menyuda olmayan, qeyd edilməyən hər hansı xidmətə görə əlavə ödəniş tələb etmək qanunsuzdur. İnanmıranm bizdə belə bir qərar verilsin. Bizdə istehlakçı hüquqlarının qorunması aşağı səviyyədədir. Bu, turizmin inkişafına da böyük zərbə vurur. 

Dünya ölkələrində müxtəlifdir “çay pulu” məsələsinə yanaşma. Məsələn, Filippinin paytaxtı Manilada servis haqqı tətbiqinə başlanılıb. Amma könüllüdür. Sadəcə, orada insanlar bilir ki, ofisiantlar “çay pulu”na işləyir, əmək haqqı almırlar. Ona görə də “çay pulu” xidmətə daxil edilir. Ümumiyyətlə, qayda belədir ki istehlakçı xidmətdən razı qaldıqda əlavə ödəniş edir. ABŞ-də isə post-terminalla ödəniş edilir. Yeməyin qiyməti ayrıca ödənilir. Bundan əlavə 4 düymə də var ki 10-15-20 faiz qeyd olunub. Bu, əlavə ödənişin nə qədər ediləcəyini göstərir. Hansı düyməni basırsa müştəri o qədər əlavə ödəniş etmiş olur. “Çay pulu” verilmir” düyməsi də var. Əgər kafedə müştəri çox kiçik xidmətdn istifadə edibsə, məsələn, 1 stəkan qəhvə içib çıxır və ya nəsə alıb çıxırsa, əlavə ödəniş etmir. Yaxşı olar ki bizdə də əlavə ödəniş məsələsi ləğv edilsin, xidmətlər bütünlüklə menyuda göstərilsin, şəffaf ödəniş sistemi tətbiq olunsun.