Sahib Məmmədov: +41 dərəcə istidə işləmək ölümə göndərişdir

Hüquq müdafiəçisi tikinti sektorunda dəhşətli reallığı açıqladı
Havaların isti keçməsi əmək hüquqlarının qorunmasını zəruri edir. Fəqət, zərurətə əhəmiyyət verən azdır. Son günlər havanın temperaturunda yüksəlmələr müşahidə edilir, eyni zamanda açıq havada aparılan təmir-tikinti işləri də davam etdirilir. Halbuki Əmək Məcəlləsinə görə havanın temperaturu müsbət 41 dərəcədən yüksək olduqda açıq havada işlər tamamilə dayandırılmalıdır. 
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov Sherg.az-a açıqlamasında bildirdi ki, havanın temperaturunu süni şəkildə dəyişmək mümkün olmayan yerlərdə (kondisionerlər, hava sərinlədici qurğular yoxdursa) temperatur +41 dərəcə selsidən yüksək olduğu zaman müəssisələr avtomatik olaraq bütün iş prosesini dayandırmalıdır: 
- Belə şəraitdə münasibətlərin tənzimlənməsi önəmlidir. Əgər iş dayandırılmayıbsa, tutaq ki, hər hansı qəza operativ olaraq aradan qaldırılmalıdırsa, bu halda işə götürən əlavə tədbirlər görməlidir. Çətirlər quraşdırmalı, işçiləri müəyyən fasilə ilə çalışdırmalı və iş prosesi zamanı onları sərinləşdirici içkilərlə təmin etməlidir. Təəssüf ki, bizdə bu cür yanaşma çox nadir hallarda müşahidə olunur. Bəzi iş yerlərində xüsusilə asfalt örtüyünün çəkilməsi zamanı, tikinti şirkətlərində çalışan işçilər, hava temperaturunun +45 dərəcə olmasına baxmayaraq, işlədilir. Bu, birbaşa əməyin mühafizəsi qaydalarının pozulması deməkdir. Buna görə işəgötürən müəssisə inzibati məsuliyyət daşıdığı üçün qanunla müəyyən edilmiş cəriməni ödəməklə canını qurtara bilir. Hava şəraitindən asılı olaraq işçilər arasında günvurma halları da qeydə alınır. Bu isə onların səhhətində ciddi problemlərin yaranmasına səbəb olur. Belə olan halda işəgötürən şəxslərə cinayət işi açılmalıdır.
S.Məmmədov Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin məhdud olmasına da diqqət çəkdi və bildirdi ki, monitorinq aparmaq imkanlarının məhdud olması əmək hüququnun pozulması hallarının artmasına şərait yaradır:
-DƏM işçinin +41 dərəcə selsidən yüksək hava şəraitində işlədildiyi hallarına qarşı mübarizə aparmaq üçün əvvəllər reyd keçirirdi. Bununla bağlı işlər son bir neçə il ərzində dayandırıldığı üçün hazırda əmək hüquqlarının kütləvi şəkildə pozulduğunun şahidi oluruq. Bu tərəfdən yanaşsaq, qanunla Dövlət Əmək Müfəttişliyi Xidməti haqlıdır. Onların birbaşa müəssisələrə gedib yoxlama aparması qanun pozuntusu kimi dəyərləndirilir. Çox təəssüf ki, bu gün +41 dərəcə selsidən yüksək temperaturda işləyən işçilərin də şikayət etməsi heç nəyi dəyişmir. Onların bir çoxu şikayət də etmir ki, işlərindən azad edilərlər. Amma bu, onların sağlamlığı üçün ciddi təhlükədir. Eyni zamanda, daha bir faktı da diqqətdə saxlamaq lazımdır ki, tikinti sektorunda çalışan işçilərin çoxunun işəgötürənlə əmək müqaviləsi yoxdur. Onlar şikayət etdikləri zaman belə, bunun heç bir nəticəsi olmur. Çünki işəgötürən belə bir əməkdaşının olduğundan xəbərsizdir. İşçi də həmin müəssisədə işlədiyini sübut edə bilmir. Ona görə də, buna nəzarət mexanizmi olmalıdır. Əks halda işəgötürənlər temperaturun +41 dərəcə selsini keçməməsini bəhanə gətirərək işi açıq havada davam etdirəcəklər.
S.Məmmədov qeyd etdi ki, işəgötürənlər də çox zaman öz məsuliyyətlərinin nədən ibarət olduğunu, hansı qaydalara riayət etməli olduqlarını bilmirlər: 
- İşəgötürən öz əməkdaşı ilə bağlı bütün hüquqi normaları, hansı hallarda məsuliyyət daşıdığını bilməlidir. İşçilər onların partnyorları hesab olunur, onlar üzərindən qazanc əldə edirlər. Amma bu, o demək deyil ki, işəgötürənlər işçilərinə qul kimi yanaşmalıdır. Əmək Məcəlləsinin 2 saylı Əlavəsində “İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri" tənzimlənir. Həmin şərtlərə görə, +41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Əlavədə o da nəzərdə tutulur ki, "İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
Amma məlumdur ki, hazırda müəssisələrin bir çoxunda 3 vəzifəni 1 işçi həyata keçirir. İşəgötürən daha az işçi çalışdırmaqla daha az əməkhaqqı verməyi və bununla da, özü yüksək gəlir əldə etməyi hədəfləyir. Odur ki, zərurət yarandığı halda da növbəli iş sisteminin tətbiqi mümkünsüzləşir. İşəgötürən bir işçini fasiləsiz olaraq işlədir, 3 nəfərin işini 1 nəfərə icra etdirir, amma əməkhaqqı ödəyəndə bu nəzərə alınmır. Yəni işçilərin hüquqları hərtərəfli pozulur.