Cəmiyyətin əsas dəyərləri – savad, əməksevərlik, dürüstlük və səmimiyyət kölgədə qalır
Nümunəvi insan anlayışı tədricən dəyişir: artıq nüfuzlu olmaq üçün ali təhsil və vicdanlı əməyə ehtiyac qalmayıb
Bugünkü cəmiyyətimizdə sosial statusu nümayiş etdirməyin yeni və getdikcə daha çox rast gəlinən yollarından biri də bahalı telefon nömrələri və xüsusi avtomobil dövlət nömrə nişanlarıdır. Bəzi şəxslər üçün bu nömrələr – "050 777 77 77", "10-AA-001" və ya "99-ZZ-999" – sadəcə rabitə və qeydiyyat vasitəsi deyil, güc və üstünlük simvoluna çevrilib.
Mütəxəssislərin fikrincə, bu fenomenin arxasında ciddi psixoloji və sosial komplekslər dayanır. Bahalı və nadir nömrələrin nümayişkaranə istifadəsi çox zaman şəxsi nailiyyət yox, süni şəkildə qazanılmış statusun vitrində sərgilənməsi cəhdidir. Əslində, cəmiyyət üçün bu nömrələr şəffaf bir maskadır – altında isə bəzən qanunsuz gəlirlər, qeyri-rəsmi imtiyazlar və ya sadəcə "özünü göstərmək" ehtiyacı gizlənir. Bahalı nömrələrlə özünü xalqdan fərqli göstərməyə çalışanlar, əslində, ictimai təbəqələşməni dərinləşdirir, sosial ədalət duyğusunu zədələyirlər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır. Hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nin Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.
36 min manata təklif olunan nömrə üçün 3600 AZN,10 minə təklif olunan nömrə üçün 1000 AZN beh tələb olunur.
Bu tendensiya, xüsusilə zənginliyini nümayiş etdirmək istəyən yeni elit təbəqə və ya özünü o təbəqənin bir parçası kimi göstərmək istəyən şəxslər arasında yayılıb. Əslində isə bahalı nömrə real dəyər və hörmət gətirmir – bu, daha çox psixoloji kompensasiya vasitəsidir. İnsanlar bəzən əslində sahib olmadıqları nüfuzu nömrə ilə "satın almağa" çalışırlar. Sosial mediada bu nömrələrin paylaşılması və nümayişkaranə istifadəsi isə cəmiyyətdə qeyri-sağlam təqlid psixologiyasını gücləndirir. Gənclər bu cür simvolik atributları uğur və nüfuzla eyniləşdirərək, əsl dəyərin – bilik, zəhmət və əxlaqi keyfiyyətlərin – arxa planda qalmasına səbəb olurlar.
Sosioloq Elçin Bayramlı Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanda son illər getdikcə güclənən simvolik istehlak meylinin psixoloji və sosial təhlilinə imkan yaradır. Ekspert vurğulayıb ki, bəzi insanlar bahalı mobil telefon və “elit” nömrə vasitəsilə özlərini cəmiyyətə təqdim etmək və süni şəkildə sosial status qazanmaq istəyirlər. Bu hal özündə bir neçə vacib problemin izlərini daşıyır:

“Əslində, insanlar tarixi olaraq özlərini tanıtmaq və qəbul olunmaq üçün müxtəlif yollar axtarıblar. Bugünkü reallıqda bu ehtiyac getdikcə rəqəmsal və texnoloji simvollarla təmin olunmağa çalışılır. İnsanlar “777 77 77” nömrəsi və ya “iPhone 16 Pro Max” cihazı ilə fərqlənməyə, özlərini "başqalarından daha üstün" göstərməyə can atırlar. Bu isə cəmiyyətin əsas dəyərlərinin – savad, əməksevərlik, dürüstlük və səmimiyyətin – kölgədə qalmasına səbəb olur. Bu davranış yalnız "gözdə olmaq" istəyi ilə izah olunmur. Bu meylin arxasında psixoloji ehtiyaclar və dəyərlər boşluğu dayanır. Sosial təzyiq, başqalarının rəylərinə həddindən artıq önəm vermək, qəbul olunmamaq qorxusu bəzi insanları maliyyə imkanlarından kənar addımlar atmağa vadar edir. Nəticədə, sadəcə görünmək üçün alınan nömrələr və cihazlar borclanmalara, ailə münaqişələrinə, hətta psixoloji dağılmalara gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, bu tendensiya təkcə fərdləri deyil, ümumi ictimai düşüncəni də zədələyir. Nümunəvi insan anlayışı tədricən dəyişir: artıq nüfuzlu olmaq üçün ali təhsil və vicdanlı əmək yox, sadəcə parlaq nömrə və bahalı telefon yetərlidir:
“Bu isə xüsusilə gənclər arasında saxta dəyərlərin normallaşmasına yol açır. Sosial şəbəkələr vasitəsilə bu davranışlar daha geniş kütləyə ötürülür və təqlid olunmağa başlanır”.