Sosioloq: Səs yazıları təhsili iflic edəcək

Bəzi vəzifəli şəxslər işini asanlaşdırmaq üçün bunu təqdir edirlər
Biz bu yolla hansısa bir nazirliyin işini yüngülləşdirir, lakin gələcəyimiz olan nəsillərə ən pis əməli öyrətmiş oluruq
Səs yazısı daha bir direktoru işdən qovdurdu. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsi kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verənlərə dair yayılan səs yazısı ilə bağlı açıqlama yayıb. Agentlikdən Teleqraf-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib. "Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə açıqlamada qeyd olunur.
Bu, məktəb direktorları, müəllimlər, bağça müdirəsi ilə bağlı artıq neçənci hadisədir baş verir. İl boyu hansısa məktəb direktoru, sinif müəllimi, ya da uşaq bağçası müdirəsi yayılan səs yazılarının qurbanı oldular. Fərqli vəziyyətlərin yarandığının da şahidi olduq. İşində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilənlərdən təkrar hansısa digər təhsil müəssisəsinə rəhbər, müavin təyin edilənlər də oldu, kənarda qalanlar da. Maraqlı situasiyadır. Niyə valideynlər, bəzən də şagirdlər direktor və ya müəllimlərin səs yazılarını, videogörüntülərini sosial şəbəkələrdə, müxtəlif platformalarda yaymağa meyillidirlər? Buna səbəb sosial platformaların həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməsi, dəb xarakteri alması, şantaj alətinə çevrilməsi, yoxsa, hüquqa, qanun pozucusunun cəzalanacağına inamsızlıq? Valideynlər niyə Elm və Təhsil Nazirliyinə, yaxud  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Agentliyin regional bölmələrinə müraciət etmirlər, əllərinə bir görüntü, səs yazısı düşən kimi paylaşmağı, ictimailəşdirməyi üstün tuturlar? Bəlkə də, müraciət edilir, amma ölçü götürülmədiyi üçün ictimailəşdirməyə məcbur qalırlar.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu hadisə müvafiq qurumların öz funksiyalarını tam yerinə yetirə bilmədiklərini göstərir: 
- Görünən odur ki, müvafiq nazirlik öz funksiyalarını layiqincə yerinə yetirə bilmədiyi üçün səsyazısından sonra işçini işdən azad edir. Bəlkə də sual etsək bu nə üçün belədir, cavab verərlər ki, müasir dövrdür, səs yazısından istifadə etmək də təbiidir. Lakin böyük bir qurum unutmamalıdır ki, birinci, ziyalı olan şəxs üçün kiminsə səsini yazmaq böyük qəbahətdir. İkinci, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Eyni zamanda, yazışma və sair kimi məlumatların da qorunmasına dövlət təminat verir. Yəni heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
M.Məmmədova qeyd etdi ki, müdir işçini hər hansı saxta işə sövq edirsə, bu barədə aidiyyəti nazirliyə, komitəyə məlumat vermək daha doğru olar. Nazirlik, komitə rəhbərləri də əziyyət çəkib məsələni nəzarətə götürüb araşdırmalı, şəxs haqqında tədbir görməlidir: 
- Səs yazıları bəzi vəzifəli şəxslərin işini asanlaşdırdığı üçün bunu təqdir edirlər. Amma tabeliyində olan işçiyə demir ki, məsələn, axı sən Elm və Təhsil Nazirliyi kimi quruma yaraşmayan hərəkət edir, səs yazısını ictimailəşdirməklə onu nüfuzdan salırsan. Bunlar düşünürlər ki, səs yazısını ictimaiyyətə təqdim etmək onlara “əhsən” qazandırır, bu hərəkətlər onların obyektivliyini göstərir. Yox, belə deyil, bu, belə qurumların əslində bacarıqsızlığını ortaya qoyur. Cəmiyyətimiz böyük bir uçuruma doğru gedir. Kiminsə səsini xəbəri olmadan yazmaq bizim mental dəyərlərimizin xaricində dayanır. Biz bu kimi hərəkətlərimizlə gənc nəslə nəyi öyrədirik? Bunu dərindən düşünəndə adamı dəhşət bürüyür.
M.Məmmədova bildirdi ki, valideynlər belə məsələlərdə aid nazirliyə müraciət etməyi artıq sosial münasibətlərin pik həddə çatdığı bir dövrdə artıq hesab edirlər. Yayılan səsləri sosial şəbəkələrdə bir-birinə göndərməklə ictimailəşdirir, bununla ana qanunlarımıza qarşı  çıxmış olurlar. Eyni zamanda, ailələrində böyüyən uşaqlar qarşısında da yeni bir “tərbiyə metodunu”sərgiləyirlər: 
- Kiminsə səsini ictimailəşdirmək, yaymaq bizim dəyərlərimizi aşır. Biz bununla hansısa bir nazirliyin işini yüngülləşdirir, lakin gələcəyimiz olan nəsillərə ən pis əməli öyrətmiş, adiləşdirmiş oluruq. Bu səsləri yayanların heç birinin hüquq anlayışı yoxdur. Sadəcə, sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarmayan bəzi insanlar bu kimi hərəkətlərin doğru olduğuna özlərini inandırırlar. Yəni ətraflarında olan insanların əksəriyyəti bu düşüncədə, bu mövqedə olduğundan onlar düzgün olmayanı doğru kimi qəbul edirlər. Bir sözlə, kiminsə özündən xəbərsiz fotosunu çəkmək, səsini yazmaq əxlaq kodeksinə zidd olan, eyni zamanda Azərbaycan cəmiyyətinə, milli dəyərlərə yad olan məsələlərdir. Odur ki, hüquq-mühafizə orqanları bu səsləri yayanlar haqqında ciddi cəza tədbirləri həyata keçirməlidir. Qaldı ictimailəşdirmənin müsbət və ya mənfi olması məsələsinə, baxır məsələyə. Elə məsələlər var ki, onlar ailələrimizdə dörd divarı aşmayacağı kimi, belə məsələlər də dövlət qurumlarından kənara çıxmamalı, daxildə həll olunmalıdır. Çünki anlamalıyıq ki, biz böyüklərin etdiyi hər səhv övladlarımızın tərbiyəsində sabah öz əksini tapacaq.