Soyuq havalarda insanları qazsız, işıqsız qoymaq insafsızlıqdır - Hüquq müdafiəçisi

Buzovna qəsəbəsində bu gün elektrik enerjisinin verilməsində məhdudiyyət var.

"Azərişıq" ASC məlumatına görə, yanvarın 26-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq səhər saat 10:00-dan günorta saat 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təmir işləri qışda yox, qış gəlməmiş aparılmalıdır: 

- Dəfələrlə bu cür halların şahidi oluruq. Havalar soyuyur, başlayırlar, gah qaz boruları dəyişdirilir, hardasa sızma var, deyib, təmirə başlayırlar, gah elektrik xətləri yenilənir, paylayıcı şəbəkədə problem yaranır, transformator xarab olur və sair. Qış mövsümünə hazırlıq qış başa çatan kimi başlamalıdır ki növbəti qış mövsümünədək problemlər, çatışmazlıqlar aradan qaldırılsın. Qış mövsümü ərzində yoxlama, monitorinq aparılmalıdır, harada nasazlıq var, harada xətlər dəyişməlidir, harda trasformator köhnədir, tam gücü ilə işləmir... Soyuq havalarda insanları qazsız, işıqsız qoymaq insafsızlıqdır. Və vəzifə səlahiyyətlərini yerinə yetirməməkdir. Baş verənlər onu göstərir ki, əlaqədar qurumlar vəziflərinin öhdəsindən gələ bilmir. Ya səriştəsizdilər, bacarmırlar, ya laqeyddirlər, ola bilər işçi sayı azdır, ya da azaldılıb, ona görə də sahələrdə yoxlamalar vaxtında aparılmır, harada problem var, müəyyən edilmir. Bir-iki nəfər əməkdaş iri qəsəbələrdə necə vaxtında monitorinq apara biləcək? Kommunal sahələr təkcə baş idarələrdən ibarət deyil. Hər sahə üzrə rayon və ya regional şöbələr, idarələr var. Onlar tərəfindən mütəmadi yoxlamalar aparılmalıdır. Baş idarələr bunlara nəzarət etməlidir. Nə nəzarət var, nə də məsuliyyətə cəlbolunma. İndiyədək eşitməmişik, görməmişik ki hansısa idarə rəisi işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilsin. İşdən çıxarılan kiçik əməkdaşlar, fəhlələr olur, hansı ki heç bir səlahiyyət sahibi deyillər, nə əmr edilsə, onu edirlər.