Son illər Azərbaycanda daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı cəmiyyətin geniş təbəqələrində ciddi narahatlıq doğurur. Xüsusilə Bakıda və iri şəhərlərdə mənzil qiymətlərinin real gəlirlərlə uzlaşmaması, sahələrin süni şəkildə şişirdilməsi və bazarda manipulyativ mexanizmlərin işlədiyi barədə fikirlər getdikcə güclənir. İnsanlar ev almağı təhlükəsiz investisiya kimi görsələr də, bu “təhlükəsizlik” anlayışının nə dərəcədə əsaslı olduğu artıq sual altındadır.
Sherg.az xəbər verir ki, Ağ partiyanın sədri Tural Abbaslı mövzu barədə yerli kanallardan birinə müsahibəsi zamanı danışıb:
"Bəyənmədiyimiz sovet dövründə, üzr istəyərək deyirəm ki, hamam və tualetin kvadraturası heç kimə təqdim edilmirdi. Balkon evin bir hissəsi sayılmırdı, divarlar isə evin ümumi sahəsinə daxil edilmirdi. Amma indi qiymətlər vəhşicəsinə artır. İnsanlar bilirlər ki, bu "balon" partlayacaq. Vətəndaşlara çağırış edirəm ki, pulunuzu daşınmaz əmlaka qoymayın. İndi pul qoyursunuz, 6 ay sonra baxırsınız ki, 50 min qazanc əldə etmisiniz. Amma birdən qiymətlər elə partlayacaq ki, bu, əlinizdə qalacaq. Ev almasanız, qiymətlər düşəcək. 6 ay müddətində ev almamağı tövsiyə edirəm. Bunu etsəniz şirkətlərin vəziyyəti yaxşı olmayacaq. Onlar görməmişdilər. Bir mərtəbəni alırsınız, üstünü artırırsınız, 6-7 mərtəbədən sonra isə bu sizə fayda gətirmir".
Partiya sədri qiymətlərin ucuzlaşdırıla biləcəyini söyləyib:
"Əgər qiymətlər süni şəkildə artırılırsa, biz də süni şəkildə ucuzlaşdıraq. Məsələn, 250 minlik evi 700 minə satırlar. Amma 250 mininizi normal banka qoysanız, illik gəliriniz təxminən 2 min olacaq. Qızıl, gümüş və digər investisiyalara da baxa bilərsiniz. Bu evlərə kapital qoymayın. Bu qiymət artımı süni və manipulyasiyalıdır. Öz balalarınıza və özünüzə düzgün investisiya edin. Məsələn, 3 uşağınız varsa və 350 minlik ev alrsınızsa, qalan iki uşağınızı da düşünün. Bu əsl investisiya deyil. İnflasiya şəraitində, Azərbaycanda qiymətlər bu qədər artarkən, ev satışları kifayət qədər rol oynayır. Bu banditləri, oğruları və haqsız zənginləri dəstəkləməyin".
Sədr Tarif Şurasına təklifini də bildirib:
"Tarif Şurasına da təklif edirəm ki, Bakıda və regionlarda evlərin standart və premium kateqoriyaları müəyyənləşdirilsin. Məsələn, premium evlərin pəncərəsindən baxış fərqlidir, ona görə qiymət fərqlidir. Amma normal evlərin qiyməti standart olmalı və tavan qiyməti müəyyənləşdirilməlidir. Dövlətin məqsədi xalqı evlə təmin etmək olmalıdır, hansısa maqnatı varlandırmaq yox".