Azərbaycanlı müğənninin Rusiyadakı konsertləri ləğv olundu - SƏBƏB

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navainin (Nəvai Bəkirov) bütün konsertləri təxirə salınıb.

Sherg.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar olub. Navai Rusiyanın cənub bölgələrindəki bütün konsertlərini ləğv edib. Bu qərar, 15-18 avqust tarixlərində Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donuda planlaşdırılan dörd konserti əhatə edir.

Navainin bu qərarı, Soçidə baş verən son PUA hücumlarından sonra verilib. 8 avqust 2025-ci ildə Soçi və ətraf bölgələrdə hava hücumu siqnalları verilib, turistlər çimərliklərdən təxliyə olunub və 50-dən çox aviareys təxirə salınıb.

Navainin meneceri Bəkir Bağırov vəziyyətlə bağlı şərh verməkdən imtina edib, lakin konsertlərin ləğvi məlumatı tədbirin keçirilməsi planlaşdırılan məkanların işçiləri tərəfindən təsdiqlənib.