Türkiyənin ən məşhur və sevilən rok qruplarından biri olan “maNga” uzun fasilədən sonra yenidən Bakı səhnəsinə qayıdır.
Sherg.az xəbər verir ki, qrup “Kupon Booking” təşkilatçılığı ilə 17 yanvar 2026-cı il tarixində “Bakı Konqres Mərkəzi”ndə musiqisevərlərlə görüşəcək.
“maNga”nın Bakıda baş tutan əvvəlki konsertləri hər zaman böyük maraq və izdihamla yadda qalıb. Bu dəfə isə qrup paytaxt tamaşaçıları üçün daha zəngin və xüsusi bir proqram hazırlayıb.
Müasir rok musiqisini alternativ üslubla birləşdirən “maNga”, güclü səhnə performansı, yüksək enerjisi və tamaşaçı ilə qurduğu emosional bağ sayəsində “Avroviziya 2010” mahnı müsabiqəsində “We Could Be The Same” mahnısı ilə II yer tutaraq Türkiyəni təmsil edib. “Cevapsız Sorular”, “Dünyanın Sonuna Doğmuşum”, “Bir Kadın Seveceksin” kimi mahnılar hələ də bir çoxları tərəfindən sevilərək dinlənilir.
Elmar İbrahimli