Sosial şəbəkələrdə müğənni Vəfa Şərifovanı təhqir edən şəxsə təyin olunmuş cəza amnistiya aktının təsir dairəsinə düşüb.
Bu barədə müğənni Vəfa Şərifovanı təhqir edən Arzu Məmmədovanın müdafiəçisi, Vəkillər Kollegiyasının üzvü Fərid Qasımov Teleqraf-a açıqlamasında bildirib.
Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Arzu Məmmədovanın 480 saat ictimai işlərə cəlb olunaraq, həmin cəzanın icra edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Vəfa Şərifova xüsusi ittiham qaydasında Xocavənd Rayon Məhkəməsinə müraciət edib və "zuzu_muzisiyen" adlı hesabla Arzu Məmmədovanın onu təhqir etməsi barədə məlumat verib, onun cəzalanmasını xahiş edib.
Xocavənd Rayon Məhkəməsinin hökmü ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 480 saat müddətə ictimai işlər növündə cəza təyin edilib.
Daha sonra qeyd edilən hökmdən apellyasiya şikayəti verilib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Xocavənd Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Həmin qərardan Arzu Məmmədovanın müdafiəçisi Fərid Qasımov tərəfindən kassasiya şikayəti verilib və iş baxılması üçün Ali Məhkəmənin Cinayət Kollegiyasına göndərilib.
Vəkil Fərid Qasımov bildirib ki, Arzu Məmmədovaya təyin edilən ictimai işlər növündə cəza heç bir zaman icra edilməyəcək.
Prezident tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, "Konstitusiya və Suverenlik İli” münasibətilə 19.12.2025-ci il tarixdə amnistiyanın elan edilməsi barədə qərar qəbul edib.
Həmin amnistiya aktının 2.9, 5.2 və 5.3-cü bəndlərindən görünür ki, ictimai işlər cəzasına məhkum edilmiş şəxslər barəsində kassasiya şikayətlərinə baxan məhkəmə şəxsin barəsində ona təyin edilmiş cəzadan azad edilməsi barədə qərar qəbul edir.
Göründüyü kimi Arzu Məmmədova barəsində 480 saat müddətə təyin edilmiş cəza ictimai işlər növündə cəza oluğu üçün, həmin cəzaya məhkum edilən Arzu Məmmədova amnistiya aktının təsiri dairəsinə düşür. O, cəzadan azad ediləcək.
Odur ki, sosial şəbəkələrdə Arzu Məmmədovanın ictimai işlər növündə cəzanın icrası edilməsi barədə yayılan məlumatların əsası yoxdur.