19 sentyabr əməliyyatı Azərbaycan gəncliyinin vətənpərvərlik məktəbidir

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Tarixi dönüş nöqtəsi unudulmayacaq
Müasir dövrdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin gücləndirilməsi dövlətçilik siyasətinin əsas istiqamətlərindən biridir. Tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və gənclərin Vətənə sədaqət ruhunda formalaşdırılması üçün real hadisələrin düzgün təhlili mühüm əhəmiyyət daşıyır. 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatı da məhz bu baxımdan xüsusi tarixi məna daşıyır. Bu əməliyyat Azərbaycanın suverenliyinin tam bərpa olunması ilə yanaşı, gənc nəsildə dövlətə bağlılıq, milli qürur və vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi üçün mühüm bir nümunəyə çevrilib.
Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkəmizin suverenliyini tam bərpa etməklə tariximizə yeni bir qələbə səhifəsi yazdı. Bu əməliyyat bir tərəfdən Qarabağda separatizmin qalıqlarına son qoydu, digər tərəfdən isə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində legitim addım atmağa qadir olduğunu nümayiş etdirdi. Beləliklə, dövlətin qətiyyətli mövqeyi həm xalqın, həm də gənc nəslin şüurunda güclü bir inam yaratdı: Azərbaycan öz torpaqlarında qanunsuz silahlı dəstələrin mövcudluğuna əsla imkan verməyəcək.
Əməliyyatın uğuru xalq-ordu-dövlət birliyinin möhkəmliyini göstərdi. Ordumuzun peşəkarlığı və qısa müddətdə məqsədə nail olması gənclərdə qürur hissini artırdı. Bu həm də sübut etdi ki, milli həmrəylik gücümüzün əsas təminatıdır. Gənclər bu nümunədən öyrənməlidirlər ki, birlik və həmrəylik olmadan böyük məqsədlərə çatmaq mümkün deyil. Dövlətə güvən, ordumuza inam isə gənc nəslin mənlik şüurunu formalaşdıran əsas amillərdəndir.
19 sentyabr əməliyyatı Azərbaycan gəncliyi üçün bir vətənpərvərlik məktəbinə çevrildi. Ərazi bütövlüyü uğrunda atılan hər bir addım gənclərin dövlətə sədaqətini möhkəmləndirir. Bu hadisə gənclərə göstərdi ki, Vətən yalnız sözlə deyil, əməli fəaliyyətlə sevilməlidir. Onlar bilməlidirlər ki, hər bir Azərbaycan vətəndaşının əsas borcu torpaqlarını, dövlətini qorumaqdır. Təhsil müəssisələrində, gənclər təşkilatlarında və ictimai tədbirlərdə 19 sentyabr əməliyyatı ilə bağlı təbliğat aparılması, qəhrəmanlıq nümunələrinin gənclərə çatdırılması milli ruhun daha da güclənməsinə xidmət edir.
19 sentyabr antiterror əməliyyatı Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi üçün də əvəzsiz bir mənbəyə çevrilmişdir. Bu hadisə göstərdi ki, yalnız qətiyyətli dövlət siyasəti, güclü ordu və milli həmrəylik sayəsində ərazi bütövlüyü və suverenlik qoruna bilər. Ən əsası isə gənclər bu təcrübədən dərs alaraq gələcəkdə ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və milli dəyərlərinin keşiyində durmağa hazır olmalıdırlar.
Millət vəkili  Mehriban Vəliyeva Sherg.az-a bildirib ki, 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri dövlətimizin suveren hüquqlarının bərpası və ərazi bütövlüyümüzün təmin olunması baxımından həlledici tarixi hadisədir.
Onun sözlərinə görə, Azərbaycan dövləti dəfələrlə beynəlxalq ictimaiyyətə və bölgədəki qanunsuz silahlı birləşmələrin təmsilçilərinə çağırış etmişdi ki, onlar silahı yerə qoysun, ölkəmizin qanunlarına tabe olsunlar:
 "Təəssüf ki, separatçı qüvvələr bu çağırışlara məhəl qoymadılar, müxtəlif təxribatlara əl atdılar və bölgədə sabitliyin pozulmasına cəhd göstərdilər. Nəticə etibarilə dövlətimiz antiterror tədbirləri həyata keçirməklə həm öz hərbi qulluqçularının, həm də mülki əhalinin təhlükəsizliyini təmin etmək məcburiyyətində qaldı.
Qısa müddətdə, cəmi bir sutka ərzində Azərbaycan Ordusu qarşıya qoyulan bütün məqsədlərə nail oldu. Qanunsuz silahlı dəstələr silahlarını təhvil verərək təslim oldu, dövlətimizin ərazi bütövlüyünə və konstitusion quruluşuna qarşı təhlükə tamamilə aradan qaldırıldı. Ən vacibi isə, əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinə ciddi şəkildə əməl olundu, mülki şəxslərin həyatına və mülki infrastruktura heç bir zərər dəymədi".
Mehriban Vəliyeva qeyd edib ki, bu əməliyyat həm də onu göstərdi ki, Azərbaycan dövləti heç bir halda öz suveren hüquqlarını güzəştə getməyəcək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addımlar atacaqdır: 
"19 - 20 sentyabr 2023-cü il tədbirləri təkcə hərbi uğur deyil, həm də siyasi və diplomatik baxımdan çox mühüm dönüş nöqtəsidir. Çünki separatizmin tamamilə aradan qaldırılması ilə bölgədə uzun illər davam edən qeyri-sabitlik və qeyri-müəyyənlik dövrü başa çatdı. Bu gün ölkəmizin qarşısında dayanan əsas hədəflərdən biri işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Əminəm ki, dövlətimizin güclü siyasi iradəsi, Ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində bu məqsədlərə də tezliklə nail olunacaqdır".
Deputat vurğulayır ki, 19-20 sentyabr 2023-cü il tarixi əməliyyatları Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın əzmini və milli həmrəyliyimizi bir daha bütün dünyaya nümayiş etdirib: 
"Bu, tarixi ədalətin, beynəlxalq hüququn və ölkəmizin ərazi bütövlüyünün tam bərpası deməkdir. Antiterror tədbirləri yalnız hərbi baxımdan deyil, həm də gənclərin vətənpərvərlik və milli kimlik duyğularının möhkəmlənməsi baxımından mühüm rol oynayır. Bu əməliyyatlar gənclərə aydın şəkildə göstərir ki, ölkənin suverenliyi və ərazi bütövlüyü qorunmadan müstəqilliyin gələcəyi mümkün deyil. Ona görə də bu proseslər gənclərdə həm dövlətə sədaqət, həm də milli dəyərlərə bağlılıq hissini gücləndirir. Əslində, bu tədbirlər gənc nəslin təkcə silah gücünə deyil, həm də elm, təhsil və milli şüurla Vətənə xidmət etməsinin vacibliyini ön plana çıxarır".