Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Onun vəfat etməsindən 21 il ötür. Heydər Əliyev çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi kimi yadda qalıb. Eyni zamanda Ümummilli Liderin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə ehtiramla yad edilir.
Politoloq Elçin Alıoğlu "Sherg.az"a deyib ki, Heydər Əliyev tarixi şüurda böyük bir şəxsdir:
"Ümumilli Lider intibahın, gücün, əqlin, mənəviyyatın simvoludur. Heydər Əliyevin həyatı sadəcə hadisələr məcrası deyil. Eyni zamanda bir şəxsin yaşadığı mübarizə, ağrı, qələbə, sevinc və kədərdir. Onun bütün qələbələri mübarizə nəticəsindədir. O, hər itkisindən sonra iradəsini daha da möhkəmləndirib. Hər fəth etdiyi zirvə isə onun növbəti zirvəyə körpüsü olub. Heydər Əliyevin şəxsiyyətinin miqyasını başa düşmək üçün onda adicə lider, siyasətçi, dövlət başçısı görmək lazım deyil. O, hissləri, duyğuları, istəkləri, arzuları bir məqsədə - xalqına xidmətə adamış bir adam idi. Ümumilli Lider haqqında laqeyd danışmaq mümkünsüzdür. Əfsuslar olsun ki, mənim onla şəxsi görüşüm olmayıb. Amma bir neçə dəfə onun tədbirlərində fəal iştirak etmişəm və ünsiyyətimiz baş tutub. Onun fiquru sanki Azərbaycanın özündə bir yol idi. Ciddi, məğrur və içində bir böyüklük vardı. Onu böyüdən torpaq kimi özü də nə zamana, nə şərtlərə, nə hadisələrin axarına tabe olurdu. Həmçinin daxilində yumşaqlığı və möhkəmliyi mövcud idi. Heydər Əliyevi anlamaq üçün onun tərcümeyi-halının, həyat yolunun səhifələrinə baxmaq yox, Azərbaycan tarixinin nəbzini yoxlamaq lazımdır. Çünki Heydər Əliyev özünəməxsus yox, bir bayraq kimi, səs kimi, mahnı kimi bütünlüklə xalqına məxsus idi. Onun taleyi də külək kimi idi. Ulu öndər qəfil sürətlə insanın sümüyünə qədər işləyəcək sözlərlə və baxışlarla yadda qalıb".
Politoloqun fikrincə, Ümummilli Liderin müstəqillik tariximizin ən qaranlıq vaxtında hakimiyyətə gəlişi də təsadüfi deyildi:
"Bu, taleyin qaçılmaz, amma çox yumşaq və aşkar jesti idi. Heydər Əliyevin portretindəki cizgilərə diqqətlə baxın. Onun baxışları əsrlərin müdrüklüyü, insanın polad iradəsi olmaqla yanaşı, qərarların yükünü çiyninə almış bir adam baxışıdır. Onun baxışlarına diqqətlə baxsaz, görəcəksiz ki, qəlbinin böyüklüyündə laqeydlik yoxdur. Heydər Əliyevin simasını sanki bir zaman kəsib. Bu sima Azərbaycanın həyatı və tarixi xəritəsidir. Bu gün sadəcə onu yox, keçdiyimiz yolu anırıq. Ümumilli Lider tarixdən də böyükdür. Heydər Əliyev iradənin və sevginin xalqın gərdişini dəyişməsi, insanın keçmişlə gələcəyi arasında dura biləcəyi, əsl liderliyin hakimiyyət yox, xidmət olması barədə bir dərsdir. O, müdriklik, iradə, xalqına və torpağına sonsuz sevginin simvoludur. Heydər Əliyev yalnız öz vaxtında yaşayan yox, vaxtı yaradan və ona sevgisini, inamını, sonsuz nikbinliyini xalqına hədiyyə verən şəxsdir".